KİV: Ermənistanda istehsal olunan çiyələk Fransada istehsal olunan çiyələklə eynidir

2026/06/1781843352.jpg
Oxunub: 230     08:25     19 İyun 2026    
“Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan ixrac həcmlərinin artdığını və erməni məhsullarının keyfiyyət baxımından Avropa məhsullarından geri qalmadığını bildirib”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” qəzeti yazıb.

Qəzetin məlumatına görə, Gevorq Papoyan parlamentdə jurnalistlərlə söhbəti zamanı ixrac göstəricilərinə toxunaraq bildirib ki, əsas problem logistika ilə bağlıdır.

“Bəli, logistika mürəkkəbdir, uzun çəkir və məsafələr uzaqdır. Bağlı sərhədlər, dənizə çıxışın olmaması və tranzit müddətinin uzunluğu təbii olaraq məhsulların qiymətinə təsir göstərir və qiymət baxımından rəqabət qabiliyyətini azaldır”, - deyə nazir qeyd edib.

Papoyanın sözlərinə görə, keyfiyyət baxımından erməni məhsullarının rəqabət qabiliyyəti ilə bağlı problem yoxdur və məhsullar Avropa standartlarından geri qalmır.

“Ermənistanda istehsal olunan çiyələk Fransada istehsal olunan çiyələklə eynidir. O, eyni üsul və texnologiyalarla yetişdirilir və fərqlənən hər hansı xüsusiyyət yoxdur”, - deyə nazir bildirib.

Məqalədə qeyd olunur ki, yeni bazarlara çıxış məsələsinə münasibət bildirən Papoyan bunun istehsalçılar üçün müəyyən çətinliklər yaratdığını etiraf edib.

Erməni nazirin sözlərinə görə, uzun illər məhsullarını yalnız Rusiya bazarına ixrac edən istehsalçılar üçün indi Yunanıstan kimi yeni istiqamətlərə çıxmaq müəyyən mənada sarsıdıcı təcrübədir.

“Onlar yeni qaydalar öyrənməli, yeni tranzit marşrutları və bununla bağlı qanunvericilik tələblərinə uyğunlaşmalıdırlar”, - deyə Papoyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Fransa  


Bizi "telegram"da izləyin