Müasir HHM Şəbəkələrinin Görünməz Təhdidi: ANKA-3 ilə SEAD/DEAD Doktrinası (VİDEO+FOTOLAR)
Oxunub: 348
22:33
18 İyun 2026
“Türkiyə Aviasiya və Kosmos Sənayesi” (TUSAŞ) şirkəti tərəfindən hazırlanmış delta qanadlı, reaktiv mühərrikli, Döyüş Təyinatlı Pilotsuz Döyüş Təyyarəsi ANKA-3-ün (MİUS) görüntüləri paylaşılıb. İlk dəfə 2023-cü il martın 18-də anqardan çıxarılan ANKA-3 2023-cü ilin aprel ayında mühərrik işə salınması və yerüstü hərəkət sınaqlarına başlayıb, ilin sonunda isə ilk uçuşunu həyata keçirib.
TUSAŞ tərəfindən hazırlanmış ANKA-3 Türkiyənin pilotsuz döyüş təyyarəsi konsepsiyası sahəsində atdığı ən mühüm addımlardan biri hesab edilən yeni nəsil hava platformasıdır. Reaktiv mühərrikə və “uçan qanad” konstruksiyasına malik olan bu döyüş təyinatlı insansız hava vasitəsi klassik gövdə-quyruq quruluşuna malik bir çox Pilotsuz Uçuş Aparatından (PUA) fərqli olaraq aşağı radara görünməni, yüksək sürəti və qabaqcıl əməliyyat imkanlarını eyni platformada birləşdirməyi hədəfləyir.
ANKA PUA platforması əsasında hazırlanmış ANKA-3 reaktiv mühərrikli PUA-nın quyruq konstruksiyasında hər hansı üfüqi və şaquli stabilizatorun olmaması, silah stansiyalarının gövdə daxilində yerləşdirilməsi sayəsində aşağı radar izinə malik olacağı qiymətləndirilir. Təxminən 0,7 “Mach” (800 km/saat) sürətə, 7,5 tona qədər qalxma kütləsinə və qanadaltı silah stansiyaları hesabına yüksək yükdaşıma qabiliyyətinə malik olan ANKA-3 Türkiyənin yeni nəsil PUA texnologiyalarında gəldiyi səviyyəni nümayiş etdirməsi baxımından mühüm əhəmiyyət daşıyacaq.
ANKA-3 vasitəsilə kəşfiyyat, müşahidə və məlumat toplama, milli sursatlarla “hava-yer” zərbə əməliyyatları, “hava-hava” sursatları ilə düşmən helikopterlərinin, təyyarələrinin və PUA-larının məhv edilməsi, aşağı radar izi sayəsində düşmənin radar və hava hücumundan müdafiə sistemlərinin zərərsizləşdirilməsi kimi vəzifələrin yerinə yetirilməsi mümkün olacaq.
ANKA-3 MİUS-un xüsusiyyətləri:
Uzunluğu: Təxminən 8,9 m
Qanad açılımı: Təxminən 13,1 m
Hündürlüyü: Təxminən 2,6 m
Reaktiv mühərrikli
7,5 ton kütləyə malikdir
0,7 “Mach” (800 km/saat) sürətə malikdir
Aşağı radar izinə malikdir
“Hava-yer” və “hava-hava” tapşırıqlarını yerinə yetirə bilir
ANKA-3-ün texniki xüsusiyyətləri:
ANKA və ANKA-II zərbə tipli PUA ilə ortaq avionik arxitektura və Yer İdarəetmə Kompleksi
Aşağı radara görünmə (Stealth)
Yüksək sürətlə köçürmə
Yüksək faydalı yük daşıma qabiliyyəti
LOS/BLOS (Peyk idarəetməsi)
Maksimum qalxma kütləsi: 7 250 kq
Faydalı yük tutumu: 1 600 kq
Xidmət tavanı: 40 000 fut
Maksimum uçuş hündürlüyü: təxminən 44 000 fut
Əməliyyat radiusu: 1 075 km (“hava-hava”), 750 km (“hava-yer”)
Mühərrik: Turbofan reaktiv mühərrik (təxminən 5 500 “lbf” itələmə qüvvəsi)
Havada qalma müddəti: 10 saat @ 30 kf
Kreyser sürəti: 250 kts/0,42 “Mach” @ 30 kf
Maksimum sürət: 425 kts/0,7 “Mach” @ 30 kf
Daxili silah stansiyası: 2 ədəd (hər biri təxminən 650 kq)
Xarici silah stansiyası: ümumilikdə 5 ədəd
Türkiyənin ilk şaquli quyruqsuz, turbofan mühərrikli PUA-sı olan ANKA-3 2023-cü ilin aprel ayında ilk dəfə mühərrikini işə salıb və 2023-cü il dekabrın 28-də ilk uçuşunu uğurla həyata keçirib. İlk uçuş zamanı təxminən 1 saat 10 dəqiqə havada qalan platforma 8 min fut hündürlüyə çatıb və 150 düyün sürət yığaraq əsas uçuş xarakteristikalarını uğurla nümayiş etdirib. Sonrakı mərhələdə sursatlı sınaqlar, avtonom uçuş yoxlamaları və müxtəlif əməliyyat ssenarilərinə yönəlmiş fəaliyyətlər sürət qazanıb.
Ümumi xüsusiyyətləri
Uçan qanad (quyruqsuz) aerodinamik konstruksiya
Aşağı radara görünməni təmin edən gövdə quruluşu
Daxili silah stansiyaları sayəsində stealth uyğunluqlu sursat daşıma imkanı
Peyk və birbaşa görüntü xətti üzərindən məlumat əlaqəsi (BLOS/LOS)
Elektro-optik və infraqırmızı sensor sistemləri
Avtonom tapşırıq planlaşdırılması və süni zəka dəstəkli idarəetmə sistemləri
Kəşfiyyat, müşahidə, radioelektron mübarizə və yüksək dəqiqlikli zərbə tapşırıqları
Şəbəkə mərkəzli müharibə konsepsiyasına uyğun məlumat paylaşımı infrastrukturu
Pilotlu döyüş təyyarələri ilə koordinasiyalı fəaliyyət göstərə bilmə potensialı
Yüksək faydalı yük daşıma qabiliyyəti və modul tapşırıq avadanlıqları
ANKA-3 layihəsi TUSAŞ mühəndisləri tərəfindən intensiv elmi-tədqiqat və təkmilləşdirmə prosesindən sonra yaradılıb. Platformanın hazırlanması mərhələsində süni zəka dəstəkli modelləşdirmə, qabaqcıl simulyasiya sistemləri və müasir uçuş idarəetmə texnologiyalarından istifadə olunub. İlk dəfə ictimaiyyətə təqdim edildiyi zaman quyruqsuz gövdə konstruksiyası və daxili silah stansiyaları səbəbindən böyük maraq doğuran ANKA-3 müasir müharibə doktrinalarında mühüm yer tutan aşağı radara görünmə konsepsiyasını insansız platformalara daşıyır. Xüsusilə hava hücumundan müdafiə sistemlərinin sıx yerləşdiyi bölgələrdə fəaliyyət göstərə biləcək şəkildə layihələndirilən bu konstruksiya radara görünmə sahəsini azaltmaqla düşmən qüvvələrinə qarşı daha üstün əməliyyat imkanları təqdim edir.
ANKA-3-ün hazırlanmasında əsas məqsədlərdən biri pilotlu döyüş təyyarələrinin daxil olmasının riskli olduğu ərazilərdə əməliyyatlar həyata keçirə biləcək yüksək imkanlı insansız sistem yaratmaqdır. Bu səbəbdən platforma kəşfiyyat, müşahidə, radioelektron mübarizə, hədəflərin aşkarlanması, yüksək dəqiqlikli zərbələr və dərin hücum əməliyyatları kimi çox geniş tapşırıq spektri üçün nəzərdə tutulub. Gövdə daxilində yerləşdirilmiş silah stansiyaları sayəsində sursatları xaricdə daşımadan fəaliyyət göstərə bilməsi həm radara görünməni azaldır, həm də aerodinamik üstünlük yaradır. Bundan əlavə, yüksək sürəti sayəsində klassik pərli PUA-larla müqayisədə hədəf bölgəsinə daha qısa müddətdə çata bilir.
Yeni nəsil PUA sistemi olan ANKA-3 kəşfiyyat, müşahidə və məlumat toplama, müxtəlif “hava-yer” sursatları ilə zərbə endirmə, “hava-hava” sursatları ilə düşmən helikopterlərinə, pərli təyyarələrinə və PUA-larına qarşı nişanalma həyata keçirərək onların məhv edilməsi, düşmənin radiofrekans siqnalları yayan radar və hava hücumundan müdafiə sistemlərinin zərərsizləşdirilməsi, havada və quruda dost qüvvələrin dəstəklənməsi, siqnal və rabitə kəşfiyyatı, radioelektron mübarizə, digər dost qüvvələrlə birgə əməliyyatların icrası və rabitə retranslyatoru funksiyasının yerinə yetirilməsi kimi çoxsaylı vəzifələri icra edə biləcək.
ANKA-3-ün həm daxili silah stansiyalarında, həm də xarici stansiyalarında geniş yerli sursat ailəsi ilə fəaliyyət göstərməsinin planlaşdırıldığı görünür. Xüsusilə aşağı radara görünmə qabiliyyətinin qorunması məqsədilə kritik tapşırıqlarda sursatların gövdə daxilində daşınması hədəflənir.
Bu günədək ictimaiyyətə açıqlanan məlumatlara əsasən ANKA-3-ün daşıya biləcəyi və ya inteqrasiyası planlaşdırılan sursatlar aşağıdakılardır:
TOLUN
Mini ağıllı bomba sinfinə məxsus olan TOLUN ANKA-3-ün daxili silah stansiyasından buraxılaraq sınaqdan keçirilib. Beton deşmə qabiliyyəti sayəsində sığınacaqlara, anqarlara və möhkəmləndirilmiş hədəflərə qarşı istifadə oluna bilir.
TEBER
MK seriyalı ümumi təyinatlı bombaları yüksək dəqiqlikli idarəolunan sursata çevirən sistemdir. Sabit və hərəkətli hədəflərə qarşı istifadə edilə bilər.
LGK
Sərbəst düşən bombalara yüksək dəqiqlikli zərbə qabiliyyəti qazandırır. Xüsusilə aşağı xərc tələb edən dəqiq zərbə əməliyyatlarında mühüm əhəmiyyət daşıyır.
KGK
Sursatın mənzilini ciddi şəkildə artıran süzülmə dəstidir. Uzaq məsafədən hədəflərin vurulmasına imkan yaradır.
SOM
Türkiyənin hazırladığı havadan buraxılan qanadlı raketlərdən biridir. Yüksək əhəmiyyətli hədəflərə qarşı istifadə olunur. ANKA-3-ün gələcək mərhələlərdə SOM ailəsi ilə inteqrasiyasının həyata keçirilməsi gözlənilir.
MAM-L
Yüngül zirehli texnikalara, canlı qüvvəyə və dəqiq hədəflərə qarşı istifadə üçün hazırlanmış bu sursat aşağı kütləsi səbəbindən PUA platformalarında geniş istifadə olunur.
MAM-T
Daha yüksək dağıdıcı güc və daha uzun mənzil təqdim edən qabaqcıl sursat növüdür.
“Bozok”
Əlavə zərərin minimum səviyyədə olduğu əməliyyatlarda effektiv istifadə üçün hazırlanmış yüngül sursatdır.
“Gökdoğan”
ANKA-3-ün gələcəkdə “hava-hava” tapşırıqlarında istifadə edilməsi halında inteqrasiyası gündəmə gələ biləcək milli raketlərdən biridir.
“Bozdoğan”
Yaxın hava döyüşü üçün hazırlanmış milli raketdir. İnsansız döyüş təyyarələrində istifadəsi istiqamətində işlər aparılır.
“Süper Şimşek”
Döyüş şəraitində hava hücumundan müdafiə sistemlərini aldatmaq və onların fəaliyyətini məhdudlaşdırmaq məqsədilə istifadə oluna bilir. Bundan əlavə radioelektron mübarizə qabiliyyətinə malik taktiki PUA kimi də fəaliyyət göstərə bilir.
ANKA-3-ün ən diqqətçəkən xüsusiyyətlərindən biri onun yalnız quru hədəflərinə zərbə endirən klassik hücum PUA-sı olmaması, eyni zamanda radioelektron mübarizə, SEAD/DEAD (hava hücumundan müdafiə sistemlərinin təzyiq altına alınması və məhv edilməsi), dərin zərbə əməliyyatları və hətta məhdud “hava-hava” tapşırıqları üçün çoxməqsədli platforma kimi nəzərdə tutulmasıdır. Bu səbəbdən gələcək mərhələlərdə müxtəlif raket və ağıllı sursatların inteqrasiyasının həyata keçirilməsi gözlənilir.
2024-2025-ci illərdə kritik sınaqları uğurla tamamlayan ANKA-3 avtopilot sınaqları, silah inteqrasiyası və döyüş sursatları ilə atış yoxlamaları nəticəsində daha da təkmilləşdirilib. 2026-cı ildən etibarən kritik layihə baxışı (CDR) tamamlanıb, konfiqurasiya sabitləşdirilib və seriyalı istehsala hazırlıq işlərinə başlanılıb. Türkiyə Hərbi Hava Qüvvələrinin 2026-cı ildə 50-dən çox ANKA-3 sifariş verməsi gözlənilir. Bundan əlavə, iki yeni prototipin də istehsal mərhələsində olduğu bildirilir.