Erməni siyasi xadim: “İrəvandan nəticələr hələ açıqlanmayıb, Paşinyan necə qalib gəldiyini elan edə bilər?”

2026/06/1780896578.jpg
Oxunub: 223     09:40     08 İyun 2026    
“Cəmi səslərin 10 faizi hesablanıb, lakin Nikol Paşinyan artıq mətbuat konfransı keçirərək qələbə qazandıqlarını və hökuməti təkbaşına formalaşdıracaqlarını bəyan edir”.

Ordu.az xəbər verir ki, bunu iyunun 8-də “Facebook” səhifəsində yayımladığı videomüraciətdə “İşıqlı Ermənistan” partiyasının sədri və deputatlığa namizədlərin proporsional siyahısına rəhbərlik edən Edmond Marukyan bildirib.

Marukyan Ermənistanın baş naziri Nikol Paşinyanın hərəkətlərinə və seçki bülletenlərinin hesablanması prosesinə görə ciddi narazılığını ifadə edib.

“Məlumatların emalı davam etdikcə hakim qüvvənin faiz göstəricisi ardıcıl olaraq azalır və yekun nəticənin hazırkı səviyyənin yarısına belə çatmaması mümkündür. Buna baxmayaraq, ölkənin rəhbəri özünü qalib elan etməyə tələsir”, - deyə o qeyd edib.

Marukyan Paşinyana müraciət edərək soruşub ki, niyə tam hesablamanın yekunlaşmasını gözləmədən belə bəyanatlar verir? O, baş verənləri seçki qanunvericiliyinin bütün normalarının pozulması kimi qiymətləndirib.

Erməni siyasətçi çıxışı zamanı seçki prosesinin digər əsas iştirakçılarının passivliyinə də təəccüb etdiyini bildirib.

“Həmin qüvvələrin seçki komissiyalarında öz nümayəndələri var, lakin indiyədək alternativ məlumatlar və ya aydın mövqe ortaya qoyulmayıb”, - deyə o bildirib.

Marukyan Samvel Karapetyan, Narek Karapetyan, Robert Köçəryan, Qaqik Sarukyan, eləcə də “Ermənistan” və “Şərəfim var” parlament fraksiyalarının niyə susduğunu sual edib.

“Haradadır sizin məlumatlarınız? Haradadır İrəvan üzrə nəticələr? Nikol Paşinyan mətbuat konfransı keçirir, siz isə susursunuz. Uşaqlar, səs verin ki, ölkədə nə baş verdiyini anlayaq”, - deyə o çağırış edib.

Marukyan istehzalı şəkildə qeyd edib ki, iri müxalif qüvvələr vəziyyəti izləməklə kifayətləndiyi halda, Paşinyan artıq Emmanuel Makronla telefon danışığından və gələcək nazir postlarının bölüşdürülməsindən bəhs edir.

Sonda Edmond Marukyan öz mövqeyini artıq açıqladığını bildirib, digər siyasi qüvvələrin reaksiyasını gözləməyə çağırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Marukyan  


Bizi "telegram"da izləyin