“MFM Mühəndislik” artilleriya sursatlarının atım yükləri üçün yerli həllər təqdim edir - VİDEO

2026/06/1781899988.jpg
Oxunub: 244     00:22     20 İyun 2026    
“MFM Mühəndislik” müdafiə sənayesi üçün hazırladığı sursat istehsal sistemləri ilə diqqət çəkir.

Ordu.az xəbər verir ki, şirkət Türkiyədə və xarici ölkələrdə maşınqayırma və avtomatlaşdırma sahələrində müxtəlif layihələr həyata keçirərək müdafiə, qida, avtomobil və əczaçılıq sektorları üçün mühəndislik həlləri təqdim edir.

Şirkət müdafiə sənayesi layihələri çərçivəsində xüsusi təyinatlı maşınlar, pres sistemləri, avtomatlaşdırılmış xətlər, daşıma və montaj avadanlıqları kimi çoxsaylı alt sistemləri birləşdirərək açar təslim müəssisələr qurur.

“MFM Mühəndisliy”in İdarə Heyətinin sədri Mustafa Çalışkan “Defensehere” nəşrinə açıqlamasında bildirib ki, şirkət 155 mm-lik haubitsa sursatlarının atım yüklərinin istehsalı üçün sistemlər hazırlayır.

Onun sözlərinə görə, xəmir qarışdırma qurğusu silindrik barıt istehsalının başlanğıc mərhələsini təşkil edir və bu proses sonradan sursat istehsalına qədər davam edir.

Çalışkan qeyd edib ki, şirkət yalnız ayrı-ayrı avadanlıqlar deyil, sursat istehsalının bütün mərhələlərini əhatə edən inteqrasiya edilmiş həllər təqdim edir. Buraya xəmir qarışdırma və yoğurma sistemləri, şaquli ekstruziya presləri, barıtın formalaşdırılması sistemləri, kəsmə qurğuları və modul barıt sistemlərinin tam montaj müəssisələri daxildir.

Şirkət rəhbəri bildirib ki, hazırlanan modul barıt sistemi altı moduldur və bu sistem sayəsində sursatların təxminən 40 kilometr məsafəyə qədər çatdırılması mümkün olur.

“MFM Mühəndislik” yerli müdafiə sənayesinin istehsal imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir və sursat istehsalı texnologiyalarındakı mühəndislik bacarığı ilə Türkiyənin müdafiə sənayesi ekosistemində mühüm rol oynayır.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MFM-Mühəndislik   Türkiyə  


Bizi "telegram"da izləyin