London məhkəməsi Baş nazir Kir Starmerlə əlaqəli əmlakın yandırılması işində iki nəfərə hökm oxuyub

2026/06/1781891791.jpg
Oxunub: 230     21:54     19 İyun 2026    
London məhkəməsi Böyük Britaniyanın Baş naziri Kir Starmerə aid avtomobil və əmlakın yandırılması ilə bağlı iş üzrə iki nəfəri azadlıqdan məhrum edib.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.

Məlumata görə, Ukrayna vətəndaşı Roman Lavrinoviç 7 il, Rumıniya vətəndaşı Stanislav Karpyuk isə 2 il müddətinə azadlıqdan məhrum olunub.

Londonun “Old Bailey” məhkəməsində keçirilən dinləmələr zamanı müəyyən edilib ki, yanğın hadisələri “Telegram” platformasında fəaliyyət göstərən anonim hesab vasitəsilə təşkil olunub.

Məhkəmə təqsirləndirilən şəxsləri sifarişin icraçıları kimi qiymətləndirib və onların ideoloji motivlərinin olmadığını bildirib.

Hakim Nil Qarman hökmü elan edərkən Roman Lavrinoviçə müraciətlə qeyd edib ki, təqsirləndirilən şəxs pul müqabilində mənasız yanğın törətməyə razılıq verib və onu bu addımı atmağa inandırmaq çətin olmayıb.

Məlumata görə, ötən ilin may ayında Londonun şimal hissəsində əvvəllər Kir Starmerə məxsus olmuş “Toyota” markalı avtomobil yandırılıb. Bundan sonra daha iki yaşayış obyektinə qarşı yandırma cəhdləri həyata keçirilib.

Həmin obyektlərdən biri Baş nazirə məxsus ev olub. Evin həmin dövrdə Starmerin həyat yoldaşının bacısı və ailəsi tərəfindən istifadə edildiyi bildirilir. Digər obyekt isə Starmerin vaxtilə direktor və səhmdar olduğu şirkətə məxsus daşınmaz əmlak olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: London   Britaniya   Starmer  


Bizi "telegram"da izləyin