Makron: “Koşta təhlükəsizlik təminatları məsələsində Avropa İttifaqı ölkələrini təmsil edə bilməz”

2026/06/1781892789.jpg
Oxunub: 207     22:17     19 İyun 2026    
Fransa Prezidenti Emmanuel Makron Avropa Şurasının Prezidenti Antoniu Koştanı Ukrayna münaqişəsinin nizamlanması kontekstində Rusiya ilə əlaqələr qurmağa cəhd göstərdiyinə görə tənqid edib.

Ordu.az xəbər verir ki, Makron bu barədə Brüsseldə keçirilən Avropa İttifaqı sammitinin yekunlarına dair mətbuat konfransında danışıb.

Fransa liderinin sözlərinə görə, Koştanın Avropa İttifaqına üzv ayrı-ayrı dövlətləri, xüsusilə də təhlükəsizlik təminatları məsələsində təmsil etmək səlahiyyəti yoxdur.

Makron bildirib ki, Ukrayna ilə bağlı danışıqlar başlanacağı təqdirdə avropalılar müzakirə masasında iştirak etməlidirlər. Onun fikrincə, Avropa Şurasının Prezidenti yalnız öz məhdud səlahiyyətləri çərçivəsində həmin prosesdə iştirak edə bilər.

“Koşta təhlükəsizlik təminatları məsələsində üzv dövlətləri təmsil edə bilməz. Halbuki bu məsələ istənilən danışıqların əsas elementlərindən biri olacaq”, - deyə Makron vurğulayıb.

Fransa Prezidenti hesab edir ki, Avropa İttifaqı bütövlükdə neytral vasitəçi rolunda çıxış edə bilməz. O bunu birlik tərəfindən Ukraynaya göstərilən dəstək və Rusiyaya qarşı tətbiq olunan sanksiyalarla əlaqələndirib.

Makron əlavə edib ki, Avropa ölkələri ABŞ-nin təşəbbüsü ilə keçiriləcək istənilən danışıqlarda iştirak etməlidir. Onun sözlərinə görə, Vaşinqtonun mövqeyinin Ukraynaya daha fəal dəstək və Rusiyaya təzyiq istiqamətində dəyişdiyi şəraitdə bu xüsusilə vacibdir.

Daha əvvəl “Bloomberg” agentliyi Antoniu Koştanın ofisi ilə Rusiya tərəfi arasında telefon əlaqələrinin həyata keçirildiyi barədə məlumat yaymışdı. Bu məlumat Avropa İttifaqının bəzi üzv dövlətlərində narazılıq doğurmuşdu.

Sonradan Koştanın ofisi belə təmasların olduğunu təsdiqləyib, lakin onların texniki xarakter daşıdığını və danışıqlar hesab edilmədiyini açıqlayıb.

“Politico” nəşrinin məlumatına görə, Brüssel sammitində Avropa İttifaqı ölkələrinin əksəriyyəti Ukrayna ətrafındakı vəziyyətin nizamlanması məqsədilə Rusiya ilə dialoqun vacibliyini dəstəkləyib.

Rusiya tərəfi isə daha əvvəl bəyan edib ki, Avropa İttifaqının sanksiya siyasəti danışıqların elan olunmuş məqsədləri ilə ziddiyyət təşkil edir. Moskva etimadın ultimatum xarakterli tələblərlə deyil, konkret addımlar vasitəsilə bərpa olunmasının vacibliyini vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Koşta    


Bizi "telegram"da izləyin