Macarıstan “Mi-17” və “Mi-24” helikopterləri ilə vidalaşıb - VİDEO

2026/06/Ekran-1781895390.jpg
Oxunub: 289     22:55     19 İyun 2026    
Macarıstan Hərbi Hava Qüvvələri xidmətdən birdəfəlik çıxarılan “Mi-17” və “Mi-24” helikopterləri üçün vida uçuşları təşkil edib.

Ordu.az xəbər verir ki, bununla da bu platformaların ölkənin hərbi aviasiyasında təxminən 40 ilə yaxın davam edən xidmət dövrü başa çatıb.

Vida uçuşlarının görüntüləri “Combatant Blog” tərəfindən yayımlanıb.

İlk “Mi-17” hərbi-nəqliyyat helikopterləri 1987-ci ildə Macarıstan Silahlı Qüvvələrinin arsenalına daxil olub. Həmin dövrdə Sovet İttifaqından alınan yeddi helikopter ölkənin ordu aviasiyasının modernləşdirilməsi məqsədilə 87-ci Döyüş Helikopter Briqadasının tərkibinə verilib.

Təxminən 40 il ərzində “Mi-17” helikopterləri şəxsi heyətin daşınması, desant əməliyyatları və müxtəlif yüklərin nəqli kimi tapşırıqları yerinə yetirib. Bu helikopterlər əvvəlcə Seqed, daha sonra isə “Keçkemet” və “Solnok” aviabazalarında yerləşdirilib.

Hərbi vəzifələrlə yanaşı, “Mi-17” helikopterləri fövqəladə hallarda mülki əməliyyatlarda da istifadə olunub. Onlar meşə yanğınlarının söndürülməsi və Dunayla Tisa çaylarında baş verən iri daşqınlar zamanı insanların təxliyəsi üçün cəlb ediliblər.

Macarıstanın 1999-cu ildə NATO-ya üzv olmasından sonra “Mi-17” helikopterləri modernləşdirilib. Modernləşdirmə çərçivəsində platformalar AN/ARC-210 radiostansiyaları, “özgə-dost” tanıma sistemləri və TACAN standartlı naviqasiya avadanlıqları ilə təchiz olunub.

2009-2013-cü illərdə Macarıstan Hərbi Hava Qüvvələri ISAF missiyası çərçivəsində Əfqanıstana “Mi-17” helikopterləri göndərib. Macarıstan mütəxəssisləri burada onlarla əfqan ekipajı və texniki heyəti hazırlayıb. Uçuşlar 3000 metrdən artıq yüksəklikdə həyata keçirilib.

Texniki resursun tükənməsi və əsaslı təmir müddətinin başa çatması səbəbindən Macarıstan 2016-cı ildə Rusiyada beş “Mi-17” helikopterinin əsaslı təmiri üçün müqavilə imzalayıb. Təxminən 13 milyon avro dəyərində olan müqavilə nəticəsində təmir edilmiş helikopterlər 2017-ci ildə ölkəyə qaytarılıb və onların xidmət müddəti əlavə yeddi il və ya 2000 uçuş saatı uzadılıb.

“Zrínyi 2026” Silahlı Qüvvələrin modernləşdirilməsi proqramı çərçivəsində Macarıstan Müdafiə Nazirliyi sovet dövründən qalan helikopter parkının tamamilə yenilənməsi qərarını qəbul edib.

Bu məqsədlə ölkə “Airbus Helicopters” şirkətindən 20 ədəd H145M yüngül və 16 ədəd H225M orta sinif çoxməqsədli helikopter sifariş edib. H225M helikopterlərinin tədarükü 2018-ci ildə imzalanmış müqavilə əsasında həyata keçirilir.

Nəqliyyat helikopterləri ilə yanaşı, “Mi-24” döyüş helikopterləri də xidmətdən çıxarılır. Macarıstan “Mi-24”D və “Mi-24”V versiyalarından istifadə edib və ölkənin istismar etdiyi bu tip helikopterlərin ümumi sayı 40-dan çox olub.

2017-2018-ci illərdə səkkiz “Mi-24” helikopteri Rusiyanın 419-cu Aviasiya Təmir Zavodunda əsaslı təmirdən keçirilib. Modernləşdirmə zamanı kabinələr gecəgörmə eynəklərinin istifadəsinə uyğunlaşdırılıb və mühərriklər yenilənib.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Macarıstan   Mi-17   Mi-24  


Bizi "telegram"da izləyin