“Paşinyan təxminən 40 faiz səs toplayıb, qalan nəticələr saxtalaşdırılıb” - Köçəryan

2026/06/1781892027.jpg
Oxunub: 186     00:19     20 İyun 2026    
Ermənistanın sabiq prezidenti və “Hayastan” blokunun lideri Robert Köçəryan hakim partiyanın seçkilərdə açıqlanan nəticələrinin reallığı əks etdirmədiyini iddia edib.

Ordu.az xəbər verir ki, Köçəryan bu barədə jurnalistlərlə görüşü zamanı danışıb.

Onun sözlərinə görə, müxalifətin hesablamalarına əsasən, hakim partiya seçkilərdə 38-40 faiz aralığında səs toplayıb, qalan səslər isə müxtəlif qanunsuz yollarla əldə edilib.

Köçəryan hakimiyyət nümayəndələrinin seçkilərdə çoxluq əldə etdikləri və ölkənin taleyini təkbaşına müəyyən etmək hüququ qazandıqları barədə bəyanatlarını şərh edərkən bildirib ki, bütün seçki prosesi sistemli pozuntularla müşayiət olunub.

Sabiq erməni prezident nümunə olaraq seçici siyahılarının yoxlanılması zamanı səs verənlərin sayı ilə faktiki qeydlər arasında təxminən 30 min imza fərqinin aşkar edildiyini qeyd edib.

Müxalifətin niyə dərhal küçə etirazlarına başlamadığı barədə suallara cavab verən Köçəryan xatırladıb ki, 2017-ci ildə Nikol Paşinyan da parlament seçkilərinin nəticələrini Konstitusiya Məhkəməsində mübahisələndirməmişdi, lakin doqquz ay sonra ölkədə hakimiyyət dəyişikliyi baş vermişdi.

“Ermənistan tarixində heç bir hakimiyyət bu miqyasda büdcə vəsaitləri hesabına seçici rüşvətindən istifadə etməyib və vətəndaşları yeni müharibə təhlükəsi ilə qorxutmayıb.

Geniş inzibati resursların tətbiqi, yüz minlərlə pensiyaçıya maliyyə dəstəyi göstərilməsi və bəzi Avropa liderlərinin açıq dəstəyi fonunda siyasi arenada tanınmayan istənilən balanslı namizəd belə Paşinyandan daha çox səs toplaya bilərdi”, - deyə o qeyd edib.

Köçəryan bildirib ki, hazırkı baş nazir cəmiyyətin böyük hissəsi tərəfindən mənfi obraz kimi qəbul olunur və onun seçki kampaniyası əsasən aqressiv ritorika üzərində qurulub.

“Paşinyan tənqidlərini Samvel Karapetyan və Qaqik Tsarukyan kimi iri sahibkarlara yönəldir. Həmin şəxslər uzun illər ərzində formalaşdırdıqları sərmayələri vətənlərinə yatırıb və onların fəaliyyətinin gözdən salınması ölkədə xeyriyyəçilik institutuna zərbə vurur”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Paşinyan  


Bizi "telegram"da izləyin