ABŞ silahlarının Ukraynaya tədarükü üçün daha beş ölkə PURL proqramına qoşulub

2026/06/Ekran-1781895691.jpg
Oxunub: 236     23:02     19 İyun 2026    
Lüksemburq, Litva, Latviya, İslandiya və Avstraliya ABŞ istehsalı olan silahların Ukrayna üçün alınmasını maliyyələşdirən PURL proqramına dəstək verəcəklər.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun “Ramştayn” formatında keçirilən iclasından sonra məlumat verib.

Prezident bildirib ki, Norveç, Niderland, Almaniya və İsveç də Ukrayna Silahlı Qüvvələri üçün ABŞ istehsalı olan silahların alınmasına əlavə maliyyə ayırmaq öhdəliyi götürüblər.

Məlumata görə, proqram çərçivəsində iştirakçı ölkələrin ümumi maliyyə öhdəliyi 1 milyard ABŞ dollarını ötüb. Zelenski bunun PURL proqramı tarixində ən böyük dəstək paketi olduğunu vurğulayıb.

Avstraliyanın Müdafiə Nazirliyi də Ukrayna üçün kritik hərbi avadanlıqların alınmasına əlavə 100 milyon ABŞ dolları ayıracağını açıqlayıb. Bu vəsaitin növbəti 12 ay ərzində iki hissə ilə ayrılması planlaşdırılır və əsasən hava hücumundan müdafiə imkanlarının gücləndirilməsinə, eləcə də vacib sursatların alınmasına yönəldiləcək.

Zelenski əlavə edib ki, Ukraynaya hərbi yardım göstərən ölkələr Çexiyanın sursat təşəbbüsünü də dəstəkləyiblər. Xüsusilə uzaqmənzilli artilleriya sursatlarının alınması məqsədilə 500 milyon ABŞ dollarından çox vəsait ayrılıb.

Prezidentin sözlərinə görə, həmin sursatların bir hissəsi Ukraynaya artıq bu ay çatdırılacaq. O, bu dəstəyə görə Norveç, Danimarka, Lüksemburq və İspaniyaya təşəkkür edib.

Volodimir Zelenski həmçinin tərəfdaş ölkələrin Ukraynada pilotsuz uçuş aparatları və raket istehsalının genişləndirilməsi üçün təxminən 1 milyard ABŞ dolları ayıracağını bildirib. Bu istiqamətdə Böyük Britaniya, Niderland və Norveç əsas dəstək göstərən ölkələr sırasındadır.

Norveç Ukrayna ordusunun təcili ehtiyaclarını qarşılamaq məqsədilə uzaqmənzilli sursatların alınmasına 190 milyon ABŞ dolları ayıracaq. Bundan əlavə, Oslo F-16 “Fighting Falcon” qırıcılarının texniki xidmətini maliyyələşdirəcək və “Drone Deal” proqramı çərçivəsində Ukrayna şirkətləri ilə birgə pilotsuz uçuş aparatı istehsalına başlayacaq.

Böyük Britaniya isə Ukraynaya təxminən 865 milyon avro dəyərində yeni hərbi yardım paketi təqdim edəcəyini açıqlayıb. Paketə Ukraynada istehsal olunmuş 150 min pilotsuz uçuş aparatı, 350-dən çox hava hücumundan müdafiə raketi və radar sistemi daxildir.

Almaniya da əlavə dəstək öhdəliyi götürüb. Berlin öz ehtiyatlarından Ukraynaya yüzlərlə “hava-hava” raketi verəcək və “Patriot” hava hücumundan müdafiə sistemləri üçün PAC-3 raketlərinin alınmasına 400 milyon ABŞ dolları ayıracaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna   PURL  


Bizi "telegram"da izləyin