Livan Prezidenti İsraillə danışıqların ABŞ və İran arasındakı razılaşmadan asılı olmadığını bildirib

2026/06/1781705998.jpg
Oxunub: 173     18:15     17 İyun 2026    
Livan Prezidenti Cozef Aun bəyan edib ki, ABŞ-nin vasitəçiliyi ilə Livan və İsrail arasında aparılan danışıqlar Yaxın Şərqdəki münaqişələrin nizamlanmasına dair ABŞ-İran razılaşmaları ilə əlaqəli deyil.

Ordu.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Çərşənbə günü etdiyi çıxışda Aun vurğulayıb ki, Beyrut danışıqların Livan istiqamətinin müstəqil qalacağına dair təminatlar alıb.

“Əldə etdiyimiz təminatlar və prinsipial mövqeyimiz ondan ibarətdir ki, danışıqlarda Livanın yolu müstəqildir. Bununla yanaşı, biz əlbəttə ki, atəşkəsi dəstəkləyirik və İran da daxil olmaqla istənilən ölkənin yardımını alqışlayırıq”, - deyə Prezident bildirib.

Bu açıqlama İran və Pakistanın Livanın ABŞ-İran razılaşmasının əhatə dairəsinə daxil edildiyini bəyan etməsindən sonra səsləndirilib.

Aun qeyd edib ki, danışıqlarla bağlı qərarlar yalnız Livan dövləti tərəfindən qəbul olunur.

“Livan dövləti qərarlarını özü verir və ilk dəfədir ki, danışıqları məhz özü aparır. Heç kim bizim adımızdan danışıqlar aparmır”, - deyə o bildirib.

Prezidentin bu açıqlamaları gələn həftə Vaşinqtonda keçirilməsi planlaşdırılan İsrail-Livan danışıqlarının beşinci raundu ərəfəsində səsləndirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   İsrail   ABŞ  


Bizi "telegram"da izləyin