Tramp milli kəşfiyyat direktoru vəzifəsinə namizədin təsdiqi üzrə dinləmələri təxirə salıb

2026/06/1781705830.jpg
Oxunub: 172     18:14     17 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp milli kəşfiyyat direktoru vəzifəsinə namizəd Cey Kleytonun təsdiqlənməsi ilə bağlı Senatda keçirilməsi planlaşdırılan dinləmələrin təxirə salındığını açıqlayıb.

Ordu.az xəbər verir ki, Tramp qərarını FISA (Xarici Kəşfiyyat Nəzarəti Aktı) çərçivəsində fəaliyyət göstərən müşahidə proqramının müddətinin uzadılması və seçicilərin qeydiyyatı zamanı vətəndaşlığın məcburi təsdiqini nəzərdə tutan qanun layihəsi ətrafında gedən siyasi mübahisələrlə əlaqələndirib.

ABŞ Prezidenti “Truth Social” sosial şəbəkəsində yayımladığı açıqlamada bildirib ki, çərşənbə günü keçirilməsi nəzərdə tutulan dinləmələr ləğv olunur.

Trampın sözlərinə görə, respublikaçılar daha əvvəl Uilyam Pultenin milli kəşfiyyat direktoru səlahiyyətlərini icra edən şəxs təyin olunmasından imtina edərək əvəzində demokratlardan FISA qanununun 702-ci maddəsinin uzadılmasına dəstək almağa razılaşmışdılar. Lakin sonradan demokratlar həmin qanun layihəsini dəstəkləməkdən imtina ediblər.

ABŞ Prezidenti əlavə edib ki, FISA proqramının səlahiyyətlərinin uzadılması yalnız SAVE AMERICA ACT qanun layihəsinin qəbulu ilə birlikdə mümkün olmalıdır. Həmin layihə seçicilərin qeydiyyatı zamanı vətəndaşlığın məcburi təsdiqini və seçki məntəqələrində şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməsini nəzərdə tutur.

Tramp həmçinin bildirib ki, Senat onun ehtimal olunan varisi, keçmiş federal prokuror və Prezidentin şəxsi vəkili Ceymi Makdonaldı təsdiqləyənə qədər Kleytonu hazırda tutduğu Nyu-Yorkun Cənub Dairəsi üzrə prokuror vəzifəsindən ayırmaq niyyətində deyil.

Associated Press agentliyinin məlumatına görə, Kleytonun namizədliyi FISA-nın 702-ci maddəsinin qüvvədən düşməsindən sonra sürətləndirilmiş prosedurla nəzərdən keçirilirdi. Həmin maddə ABŞ kəşfiyyatının əsas alətlərindən biri hesab olunur və xarici vətəndaşlar barədə məhkəmə qərarı olmadan məlumat toplamağa imkan verir.

Bu proqram uzun illərdir həm demokratlar, həm də respublikaçılar arasında mübahisə mövzusu olaraq qalır. Tənqidçilər hesab edirlər ki, proqram ABŞ vətəndaşlarının məlumatlarının toplanması riskini artırır və şəxsi həyatın toxunulmazlığı hüququnun pozulmasına səbəb ola bilər.

Proqramın müddətinin uzadılması üçün Konqresin razılığı tələb olunur. Senatda müvafiq qanun layihəsinin qəbul edilməsi üçün ən azı 60 səs lazımdır, halbuki respublikaçıların cəmi 53 yeri var.

Senatda demokrat azlığın lideri Çak Şumer bildirib ki, Pultenin milli kəşfiyyat direktoru vəzifəsinə namizəd göstərilməsi iki partiya arasında razılıq əldə olunmasını xeyli çətinləşdirib. Demokratlar onun kəşfiyyat qurumlarının səlahiyyətlərindən Prezidentin siyasi rəqiblərinə qarşı istifadə edə biləcəyindən ehtiyat edirlər.

Bununla yanaşı, Demokrat Partiyasının bir sıra nüfuzlu nümayəndələri daha əvvəl milli kəşfiyyat rəhbəri postu üçün Kleytonun namizədliyinə dəstək verdiklərini açıqlamışdılar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   Kleyton  


Bizi "telegram"da izləyin