“Böyük Yeddilik” Ukrayna üçün raket və HHM sistemlərinin istehsalına lisenziyaların verilməsi barədə razılığa gəlib

2026/04/1775645825.jpg
Oxunub: 191     20:51     17 İyun 2026    
“Böyük Yeddilik” ölkələri və ABŞ Ukrayna şirkətlərinə uzaqmənzilli raketlərin və hava hücumundan müdafiə sistemlərinin istehsalı üçün lisenziyaların verilməsi barədə razılıq əldə ediblər.

Ordu.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi diplomatik mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, qərar Fransanın Evian şəhərində keçirilən üç günlük G7 sammiti çərçivəsində qəbul olunub. Sammitdə Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və ABŞ liderləri iştirak ediblər.

Almaniya kansleri Fridrix Merts bu qərarı təsdiqləyib. Onun sözlərinə görə, söhbət zəruri texnologiyalara malik şirkətlərin lisenziyalaşdırılması hesabına istehsal imkanlarının genişləndirilməsindən gedir.

Mənbənin bildirdiyinə görə, plan yalnız hava hücumundan müdafiə sistemlərinin deyil, həm də uzaqmənzilli zərbə vasitələrinin istehsalını nəzərdə tutur.

Fridrix Merts vurğulayıb ki, mövcud istehsal gücləri tələbatı tam qarşılamağa kifayət etmir. Avropa və Ukrayna müəssisələrinin bu prosesə cəlb edilməsi mövcud çatışmazlığın aradan qaldırılmasına kömək edə bilər.

O, həmçinin ABŞ şirkətlərinin Avropa istehsalçılarına lisenziyalar təqdim edə biləcəyini bildirərək, ABŞ Prezidenti Donald Trampa əməkdaşlığa hazırlığına görə təşəkkür edib.

Qərar G7 ölkələrinin birgə bəyanatından sonra qəbul olunub. Həmin bəyanatda Ukraynaya hava hücumundan müdafiə vasitələrinin, raket əleyhinə sistemlərin və uzaqmənzilli silahların tədarükünün artırılması, eləcə də ölkənin müdafiə sənayesinin gücləndirilməsi üçün lisenziyalaşdırmanın genişləndirilməsi nəzərdə tutulur.

Qeyd olunur ki, Ukrayna genişmiqyaslı raket hücumları və hava hücumundan müdafiə vasitələrinin çatışmazlığı ilə üzləşdiyindən Qərb müttəfiqlərinin dəstəyindən asılı olaraq qalır.

Bundan əlavə, Yaxın Şərqdəki gərginlik və regionda hava hücumundan müdafiə sistemləri ehtiyatlarının azalması bu tip silahların qlobal çatışmazlığını daha da dərinləşdirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: G7   Ukrayna  


Bizi "telegram"da izləyin