Özbəkistan Hesablama Palatası 15 yeni süni intellekt əsaslı risk təhlili istiqaməti tətbiq edəcək

2025/03/where-1742379143.jpg
Oxunub: 184     19:24     17 İyun 2026    
Özbəkistan Hesablama Palatası dövlət maliyyə nəzarətinin səmərəliliyini artırmaq məqsədilə süni intellekt və rəqəmsal texnologiyaların audit prosesinə inteqrasiyasını sürətləndirir.

Ordu.az xəbər verir ki, bu barədə Özbəkistanın ali audit orqanının baş müfəttişi Xuşniddinxon Camalov İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində Azərbaycan Hesablama Palatasının təşkilatçılığı ilə "Davamlı Regional İnteqrasiya üçün Rəqəmsal Dövlət Auditi" mövzusunda keçirilən tədbirdə bildirib.

Baş müfəttiş qeyd edib ki, son dövrdə ən əhəmiyyətli yeniliklərdən biri audit sisteminə süni intellekt texnologiyalarının daxil edilməsidir. "Bu istiqamətdə Hesablama Palatasında xüsusi Süni İntellekt və Rəqəmsal Transformasiya qrupu təsis olunub. Süni intellekt maraqlar toqquşmasının, əlaqəli tərəflərin və uyğunluq risklərinin müəyyənləşdirilməsində əhəmiyyətli funksiya daşıyır. Keçən ay Hesablama Palatasının süni intellekt platforması fəaliyyətə başlayıb. Bu platforma risklərin təhlili, anomaliyaların aşkar edilməsi və qərar qəbuletmə prosesində auditorlara köməklik göstərir. Süni intellekt auditorun əvəzedicisi deyil, onun potensialını gücləndirən vasitədir", - deyə X.Camalov vurğulayıb.

O həmçinin əlavə edib ki, gələn mərhələdə platformanın funksional imkanları daha da genişləndiriləcək, 15 yeni süni intellekt əsaslı risk təhlili istiqaməti tətbiq ediləcək və sistemin ümumi səmərəliliyi artırılacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Özbəkistan   Süni-intellekt  


Bizi "telegram"da izləyin