Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədrinin gəlirləri kəskin artıb

2026/06/1781715907.jpg
Oxunub: 157     20:57     17 İyun 2026    
Ermənistanın Korrupsiyanın Qarşısının Alınması Komissiyasının bəyannamələr reyestrinin fəaliyyəti bərpa edildikdən sonra yüksək vəzifəli məmurların 2025-ci il üzrə maliyyə göstəriciləri açıqlanıb.

Ordu.az xəbər verir ki, “News.am” tərəfindən aparılan araşdırma nəticəsində Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri Artur Nahapetyan və onun Milli Təhlükəsizlik Xidmətində çalışan həyat yoldaşı Luiza Melkonyanın gəlirlərində nəzərəçarpacaq artım qeydə alınıb.

Məlumata görə, 2025-ci il martın 20-də Komitə sədri vəzifəsinə təyin olunan Artur Nahapetyan əvvəllər Apellyasiya Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin hakimi olub. Onun 2024-cü ildəki illik maaşı 13,4 milyon dram təşkil etdiyi halda, 2025-ci ildə Komitə sədri kimi doqquz ay ərzində 23 milyon dram əməkhaqqı aldığı bildirilir.

“Bəyannaməyə əsasən, Nahapetyanın ümumi illik gəliri 32,3 milyon dram olub. Bu vəsaitin 23 milyondan çoxu Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən aldığı maaşdan, qalan hissəsi isə İstintaq Komitəsindən, Dövlət Gəlirləri Komitəsindən geri qaytarılmış gəlir vergisindən və digər ödənişlərdən formalaşıb.

Sənədlərdə onun Malatya-Sebastiya rayonunda yerləşən mənzil və qaraj sahibi olduğu da qeyd edilir. Bundan başqa, hesabat dövrünün sonuna Artur Nahapetyanın kredit və borclar üzrə əsas borc qalığı 29,4 milyon dram təşkil edib.

Bəyannaməyə görə, Komitə sədri 2025-ci ildə istirahət məqsədilə 3,15 milyon dram xərc çəkib”, - deyə nəşr bildirib.
Müəllif qeyd edib ki, Nahapetyanın həyat yoldaşı Luiza Melkonyan isə İrəvanda iki mənzilə sahib olduğunu bəyan edib.

“Onun illik gəliri 6,8 milyon dram təşkil edib. Bu məbləğin bir hissəsi Milli Təhlükəsizlik Xidmətində aldığı maaşdan, bir hissəsi isə mənzil kirayəsindən və digər ödənişlərdən formalaşıb. Məlumata görə, Melkonyanın 2025-ci ildə kredit ödənişləri üçün xərclədiyi vəsait 2,02 milyon dram olub”, - deyə nəşr vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Nahapetyan   Melkonyan  


Bizi "telegram"da izləyin