Türkiyə Respublikası Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin rəhbərliyi altında, Türkiyənin tam müstəqil müdafiə sənayesi hədəfləri istiqamətində innovativ sistemlər hazırlayan STM insansız sistemlər sahəsindəki səriştəsi ilə yeni bir baxış ortaya qoyur. Bu günə qədər taktiki Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində KARGU, ALPAGU və KARGU FPV kamikadze tipli PUA sistemlərini, TOGAN və STM-VTOL müşahidə tipli PUA sistemlərini, BOYGA və BOYGA-B sursat buraxan PUA sistemlərini, həmçinin STM NETA insansız sualtı platformasını hazırlayaraq istifadəyə verən STM bütün bu sistemlərin inteqrasiya edilmiş və koordinasiyalı şəkildə fəaliyyət göstərməsini təmin edəcək “Multi-Domain” konsepsiyasını həyata keçirir.
Müasir dövrdə müharibə mühiti ayrı-ayrı elementlərin uğurundan daha çox onların vahid sistem kimi koordinasiyalı fəaliyyət göstərməsini zəruri edir. STM tərəfindən inkişaf etdirilən asimmetrik güc yanaşması böyük və yüksək xərc tələb edən sistemlər əvəzinə daha kiçik, çevik və insansız platformalar vasitəsilə yüksək təsir gücü yaratmağı hədəfləyir. Bu yanaşmanın daha inkişaf etmiş mərhələlərində isə insansız sistemlər əməliyyatların müəyyənedici elementlərinə çevrilərək qərarvermə üstünlüyü qazandıran və taktiki istifadə anlayışını dəyişdirən bir struktur ortaya qoyur.
STM-nin sürü PUA texnologiyaları, GNSS-dən asılı olmayan əməliyyat qabiliyyəti və yüksək avtonomluq səviyyəsinə malik proqram təminatı və sistem mühəndisliyi infrastrukturu bu konsepsiyanın əsasını təşkil edir. Vizual naviqasiya və qabaqcıl tapşırıq alqoritmləri sayəsində insansız sistemlər radioelektron mübarizə şəraitində belə tapşırıqlarını yerinə yetirə bilir, sürü daxilində təhdid məlumatlarını paylaşa və dinamik tapşırıq bölgüsü həyata keçirə bilir. STM-nin malik olduğu qabaqcıl inteqrasiya qabiliyyəti müxtəlif tip platformaların vahid komanda-idarəetmə arxitekturası altında birlikdə fəaliyyət göstərməsinə imkan yaradır.
Heterogen Sürü: Müharibə Meydanında Oyunu Dəyişdirən Arxitektura
STM-nin “Multi-Domain” baxışının əsasını heterogen sürü arxitekturası təşkil edir. Heterogen sürü eyni tapşırıq çərçivəsində müxtəlif tip və imkanlara malik insansız sistemlərin koordinasiyalı şəkildə fəaliyyət göstərməsini ifadə edir. Bunun sayəsində kəşfiyyat, təzyiq, əraziyə nəzarət, sızma və təsir tapşırıqları hava, quru, suüstü və sualtı elementlər arasında bölüşdürülərək birgə icra edilə bilir. Bu arxitektura əməliyyat çevikliyini artırmaqla yanaşı, hər platformanın özünün daha güclü olduğu tapşırıqda istifadə edilməsini təmin edir və real vaxt rejimində məlumat mübadiləsi vasitəsilə çox təbəqəli əməliyyat üstünlüyü yaradır.
STM yanvar ayında 20 KARGU-dan ibarət sürü ilə canlı sursatlı kamikadze tapşırığını uğurla yerinə yetirərək dünyada ilkə imza atıb. Əldə edilən bu təcrübə suüstü, sualtı, hava və quru elementlərini əhatə edən çoxsahəli sürü arxitekturasının əməliyyat mühitinə tətbiqi üçün möhkəm əsas yaradır. Xüsusilə hava hücumundan müdafiə sistemlərinə qarşı hazırlanmış istifadə ssenariləri sürü sistemlərinin gələcəyin taktiki müharibə mühitində oynayacağı rolu nümayiş etdirir.
STM-nin Avtonom İnsansız Sistemlər Ailəsi Genişlənir
Yaxın gələcəkdə avtonom insansız sistemlər məhsul ailəsini daha da genişləndirməyə hazırlaşan STM Uzun Mənzilli Kamikadze tipli PUA, Mini Müşahidə tipli PUA, Anti-Radiasiya Kamikadze tipli PUA, antidron sistemləri və Böyük Avtonom Sualtı Platforma kimi yeni nəsil həlləri inventara daxil etməyi hədəfləyir. Bu yeni məhsullarla birlikdə STM “Multi-Domain” yanaşmasını daha yüksək səviyyəyə qaldıraraq insansız sistemlər sahəsində inteqrasiya edilmiş, genişləndirilə bilən və yüksək təsir gücünə malik ekosistem formalaşdırmağı məqsəd qoyur.
Sevinc Əliyeva
Ordu.az