İtaliya hökuməti “Leonardo” ilə BAYKAR arasındakı ortaq müəssisəni təsdiqləyib

2026/06/1781717546.jpg
Oxunub: 274     21:34     17 İyun 2026    
İtaliya hökuməti ölkənin aparıcı müdafiə sənayesi şirkəti “Leonardo” ilə BAYKAR arasında insansız uçuş aparatlarının hazırlanması və istehsalını nəzərdə tutan ortaq müəssisəyə rəsmi razılıq verib.

Ordu.az xəbər verir ki, bu barədə İtaliyanın “La Repubblica” qəzeti məlumat yayıb.

Məlumata görə, Baş nazir Corcia Meloninin rəhbərlik etdiyi Nazirlər Şurası tərəflər arasında 50 faiz-50 faiz prinsipi əsasında yaradılacaq ortaq müəssisəyə müəyyən şərtlərlə icazə verib.

Qəzetin yazdığına görə, İtaliya hökuməti bu qərarı qəbul edərkən strateji sektorlarda fəaliyyət göstərən şirkətlərə nəzarət etməyə imkan verən “Qızıl Güc” mexanizmindən istifadə edib.

Razılaşmaya əsasən, ortaq müəssisənin həyata keçirəcəyi beynəlxalq fəaliyyətlər yalnız NATO və Avropa İttifaqının siyasətləri ilə uyğun mövqedə olan ölkələrə yönəldilə biləcək.

Bundan əlavə, məxfi məlumatların və istifadə ediləcək texnologiyaların qorunması ilə bağlı xüsusi tələblər də müəyyən edilib.

“It Messaggero” nəşri də hökumətin layihəyə yaşıl işıq yandırdığını təsdiqləyərək bildirib ki, yeni nəsil uzaqdan idarə olunan hava sistemlərinin hazırlanması üçün yaradılacaq müəssisənin yarısı “Leonardo”, digər yarısı isə BAYKAR-a məxsus olacaq.

Xatırladaq ki, “LBA Systems” adlı ortaq şirkətin yaradılması 2025-ci ilin mart ayında elan edilmiş, həmin ilin iyun ayında isə müvafiq saziş imzalanmışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   Leonardo   BAYKAR  


Bizi "telegram"da izləyin