Ramzan Kadırovun oğulları Səudiyyə şahzadəsi ilə görüşdə iştirak ediblər

2026/06/1781710808.jpg
Oxunub: 167     19:41     17 İyun 2026    
Çeçenistan Respublikası hökuməti sədrinin müavini, fiziki tərbiyə və idman naziri Əhməd Kadırov Səudiyyə Ərəbistanı şahzadəsi Türki bin Məhəmməd Əl Səud ilə görüş keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov özünün “Telegram” kanalında məlumat verib.

Görüşdə Ramzan Kadırovun oğulları Əli, Adam və Həmzət Kadırovlar da iştirak ediblər.

Danışıqlar zamanı Əhməd Kadırov Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səuda ünvanlanmış rəsmi məktubu şahzadəyə təqdim edib.

Tərəflər Çeçenistan Respublikası ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli əməkdaşlıq məsələlərini, o cümlədən humanitar və dini sahələrdə əlaqələri müzakirə ediblər. Görüşdə həmçinin Rusiyadan gələn zəvvarlar üçün həcc və ümrə ziyarətlərinin təşkili məsələlərinə də toxunulub.

Müzakirələr zamanı Rusiya ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin möhkəmləndirilməsinin və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Həmsöhbətlər Səudiyyə Ərəbistanını müsəlman dünyası üçün əsas ölkələrdən biri adlandıraraq, Məkkə və Mədinə kimi müqəddəs şəhərlərin burada yerləşdiyini qeyd ediblər. Zəvvarların dəstəklənməsi və dini səfərlər zamanı onların şəraitinin yaxşılaşdırılması məsələlərinə xüsusi diqqət yetirilib.

Tərəflər gələcək dialoqun davam etdirilməsi və regionlar, eləcə də ölkələr arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə fəaliyyətə hazır olduqlarını bildiriblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çeçenistan   Səudiyyə-Ərəbistanı   Kadırov  


Bizi "telegram"da izləyin