Tramp Qasım Süleymaninin öldürülməsi ilə bağlı yeni təfərrüatlar açıqlayıb

2026/06/1781721217.jpg
Oxunub: 212     22:31     17 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranla hazırkı razılaşmaların əldə olunmasında general Qasım Süleymaninin öldürülməsi mühüm rol oynayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.

Trampın sözlərinə görə, İranla əldə olunan razılaşmalar bir neçə həftəlik danışıqların deyil, illər əvvəl baş vermiş hadisələrin nəticəsidir.

O bildirib ki, 2020-ci ilin yanvarında ABŞ tərəfindən həyata keçirilən əməliyyat nəticəsində öldürülən Qasım Süleymani ilə bağlı qərar bugünkü proseslərin formalaşmasında əsas amillərdən biri olub.

ABŞ Prezidenti Süleymanini “İranın rəhbəri” və “dahi dəli” adlandıraraq qeyd edib ki, onun zərərsizləşdirilməsi qərarı İsraillə aparılan müzakirələrdən sonra qəbul olunub.

Tramp iddia edib ki, ilkin mərhələdə İsrail əməliyyatı həyata keçirməyi planlaşdırmırdı, lakin sonradan ABŞ məsuliyyəti öz üzərinə götürüb və zərbə birgə əməliyyat çərçivəsində endirilib.

O həmçinin bildirib ki, ABŞ və İran böyük ehtimalla razılaşma imzalayacaqlar və bu sənəd İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün təminat rolunu oynayacaq.

Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin komandanı general Qasım Süleymani 2020-ci il yanvarın 3-də Bağdad beynəlxalq hava limanı yaxınlığında ABŞ-nin endirdiyi hava zərbəsi nəticəsində həlak olmuşdu.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Süleymani  


Bizi "telegram"da izləyin