Ramil Həsən və Numan Kurtulmuş türk dövlətləri arasında əməkdaşlığı müzakirə ediblər

2026/06/1781622579.jpg
Oxunub: 205     18:59     16 İyun 2026    
İyunun 16-da Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) baş katibi Ramil Həsən Türkiyəyə rəsmi səfəri çərçivəsində Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla görüşüb.

Ordu.az xəbər verir ki, görüşdə TÜRKPA-nın fəaliyyəti, türk dövlətləri arasında parlamentlərarası əməkdaşlığın inkişafı və təşkilatın gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.

Ramil Həsən TÜRKPA-nın qurucu dövlətlərindən biri olan Türkiyənin təşkilatın fəaliyyətində xüsusi rol oynadığını vurğulayıb. O, 2008-ci il noyabrın 21-də İstanbulun Dolmabahçe sarayında təşkilatın yaradılması ilə bağlı sazişin imzalandığını xatırladaraq, TÜRKPA-nın ötən dövr ərzində uğurla fəaliyyət göstərdiyini bildirib.

Baş katib qeyd edib ki, təşkilat qardaş ölkələrin qanunverici orqanları arasında əlaqələrin möhkəmləndirilməsi, model qanunların hazırlanması, türk dövlətləri rəhbərlərinin qəbul etdiyi qərarların parlamentlər tərəfindən operativ ratifikasiyası kimi mühüm siyasi və strateji əhəmiyyət daşıyan proseslərdə vacib rol oynayır. O, bu istiqamətdə həyata keçirilə biləcək təşəbbüslərlə bağlı təklifləri TBMM sədrinə təqdim edib.

Numan Kurtulmuş isə TÜRKPA baş katibliyinin fəaliyyətini yüksək qiymətləndirərək, son 10 ay ərzində görülən işləri müsbət dəyərləndirdiyini bildirib. O, qarşıdakı dövrdə atılacaq addımların türk dövlətləri arasında strateji əməkdaşlığın daha da dərinləşdirilməsinə və ortaq parlament platformasının formalaşmasına töhfə verəcəyinə inandığını vurğulayıb.

TBMM sədri Türkiyə Parlamentinin bundan sonra da TÜRKPA-nın fəaliyyətinə dəstəyini davam etdirəcəyini qeyd edib.

Görüşdə TÜRKPA Baş katibinin müavini Muhammet Alper Hayali də iştirak edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ramil-Həsən   Numan-Kurtulmuş  


Bizi "telegram"da izləyin