Erməni politoloq: “Hakimiyyət böhranı daha da dərinləşəcək, Paşinyan ölkədə elit məhbus kimi hərəkət edəcək”

2026/06/1781160477.jpg
Oxunub: 254     12:57     15 İyun 2026    
“Bu seçkilərdən sonra hakimiyyət böhranı aradan qalxmayıb, əksinə daha da dərinləşib və Ermənistanı növbəti illərdə ciddi siyasi sarsıntılar gözləyir”.

Ordu.az xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” Partiyasının parlamentliyə namizədi, erməni politoloq Suren Surenyants deyib.

Surenyants bildirib ki, səslərin yenidən hesablanması nəticəsində “Çiçəklənən Ermənistan” Partiyası seçki baryerini aşaraq növbəti çağırış parlamentdə təmsil olunacaq. Onun sözlərinə görə, iyunun 8-nin səhər saatlarında partiyanın seçki qərargahında bütün seçki məntəqələri üzrə nəticələr artıq ümumiləşdirilmişdi və onlar parlamentə keçmək üçün kifayət qədər səs topladıqlarına əmin idilər.

“Əlbəttə, bu, bizdə bayram əhval-ruhiyyəsi yaratmamışdı, çünki ölkədə siyasi vəziyyət dəyişməyib. Lakin Mərkəzi Seçki Komissiyasının sədrindən səhər saatlarında eşitdiyimiz məsuliyyətsiz bəyanat çox məyusedici idi”, - deyə o bildirib.

Erməni politoloq hesab edir ki, ilkin nəticələrdə “Çiçəklənən Ermənistan” Partiyasına 3,996 faiz səs yazılması və bunun nəticəsində partiyanın 4 faizlik baryeri keçə bilməməsi təsadüfi texniki səhv deyil.

“Mən dərindən əminəm ki, baş verənlər texniki yanlışlıq deyil. Əgər “Çiçəklənən Ermənistan” Partiyası parlamentə keçməsəydi, “Vətəndaş Müqaviləsi” parlament mandatlarının beşdə üç hissəsinə sahib olacaqdı. Bu isə Nikol Paşinyana təkbaşına konstitusiya qanunları qəbul etmək, yüksək vəzifəli şəxsləri seçmək və təyin etmək imkanı verəcəkdi. Bu faktın özü artıq Paşinyan kimi manipulyator üçün kifayət qədər ciddi motivdir”, - deyə Surenyants vurğulayıb.

Onun sözlərinə görə, hakimiyyət həmçinin siyasi rəqiblərinə qarşı mübarizəni davam etdirmək və əsas müxalif qüvvələrdən ən azı birini parlamentdən kənarda saxlamaq istəyirdi.

“Bir sıra səbəblər mənə əsas verir ki, burada məqsədi “Çiçəklənən Ermənistan” Partiyasını parlamentdən kənarda saxlamaq olan təşkilatlanmış cinayət əməli ilə üzləşmişik. Lakin əlimizdə olan 2005 seçki məntəqəsinin protokolları göstərirdi ki, biz baryeri keçmişik. Biz cəmi dörd məntəqənin nümunəsində bizdən 120 səsin mənimsənildiyini sübut etdik və çox qısa müddətdə ədaləti bərpa etdik”, - deyə erməni politoloq bildirib.

Surenyants parlamentdə formalaşacaq yeni siyasi mənzərəni də şərh edib. Onun sözlərinə görə, Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” yalnız sadə çoxluq əldə edib, eyni zamanda Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” alyansı, Robert Köçəryanın rəhbərlik etdiyi “Hayastan” alyansı və Qaqik Tsarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” Partiyası parlamentə daxil olur.

Erməni politoloq hesab edir ki, bu vəziyyət ölkədə siyasi qarşıdurmanı daha da gücləndirəcək və hakimiyyətin fəaliyyətini çətinləşdirəcək.

“Bu seçki prosesinin xəmirinin hələ çox su aparacağını düşünürəm. Hakimiyyət böhranı yalnız dərinləşib. Nikol Paşinyan ölkədə elit məhbus kimi hərəkət edəcək. O, böyük təhlükəsizlik qüvvələrinin müşayiəti olmadan hərəkət edə bilməyəcək. Bu, qalib liderin davranışı deyil. Bu seçkilərin nəticəsində hakimiyyət böhranı daha da dərinləşəcək”, - deyə Surenyants qeyd edib.

O bildirib ki, hakim partiyanın nümayəndələrinin siyasi və mənəvi iflası artıq cəmiyyət üçün aydın görünür.

“Cəmiyyət gördü ki, biz siyasi debatlarda “Vətəndaş Müqaviləsi” nümayəndələrini necə məğlub edirik. Onların siyasi və mənəvi müflisliyi artıq ifşa olunub. Kral çılpaqdır. Nikol Paşinyan çılpaqdır. Onun ətrafı isə qorxaqlardan və ölkənin talan edilməsində iştirak edən şəxslərdən ibarətdir”, - deyə erməni politoloq iddia edib.

Surenyants hesab edir ki, mövcud proseslər nəticəsində Ermənistanda növbəti bir neçə il ərzində siyasi sabitlik əldə olunmayacaq.

“Bu hakimiyyət böhranı daha da dərinləşəcək və nəticədə bir il yarım - iki il ərzində Ermənistanda sarsıntılarla müşayiət olunan hakimiyyət dəyişikliyi baş verəcək. Mən bunu çox dəqiq deyirəm və gələcəkdə bu sözlərimə görə məndən hesabat tələb edə bilərsiniz”, - deyə Surenyants bildirib.

Xatırladaq ki, iyunun 8-də açıqlanan ilkin nəticələrə əsasən, “Vətəndaş Müqaviləsi” partiyası 49,8 faiz, “Güclü Ermənistan” alyansı 23,281 faiz, “Hayastan” alyansı isə 9,934 faiz səs toplayıb. İlkin nəticələrə görə “Çiçəklənən Ermənistan” Partiyası 3,996 faiz səslə seçki baryerini keçə bilməmişdi. Lakin sonradan aparılan yenidən hesablamalar nəticəsində partiyanın lehinə əlavə səslər qeydə alınıb və onun parlamentə keçəcəyi açıqlanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Surenyants  


Bizi "telegram"da izləyin