Ordu.az xəbər verir ki, bu barədə “Hayeli.am” nəşri “Günən-Əskipara yolunun hissələri Azərbaycana verilsə, İcevan-Noyemberyan nəqliyyat əlaqəsi pozulacaq” başlıqlı məqlaəsində yazıb.
Məqalədə qeyd olunur ki, Nikol Paşinyan mayın 30-da Əskipara kəndində keçirdiyi seçkiqabağı görüş zamanı Azərbaycanla delimitasiya prosesinin davam etdiriləcəyini açıqlayıb.
Nəşr yazır ki, Paşinyan çıxışında əvvəllər müzakirə olunan üç fərdi ev məsələsinə deyil, keçmişdə azərbaycanlıların yaşadığı Aşağı Əskipara kəndinin yaxınlığında Əskiparada yaşayan insanlar tərəfindən 1980-ci illərdə tikilmiş və hazırda istifadəsiz qalan 27 ikimərtəbəli evə toxunub.
“Əlbəttə, orada Sovet dövründən qalan evlərlə bağlı problemlər var və biz həmin problemlərə baxıb həll edəcəyik”, - deyə Paşinyan bildirib.
Məqalədə vurğulanır ki, həmin 27 evlə bağlı məsələnin necə həll olunacağı hələ məlum deyil.
Nəşr qeyd edir ki, dövlətlərarası avtomobil yolunun Günən-Əskipara hissəsinin müəyyən seqmentləri xəritələrə əsasən Azərbaycan ərazisində yerləşir.
“Delimitasiya prosesinin davam etdirilməsi halında keçmiş SSRİ dövründə anklav olmuş Yuxarı Əskipara və Günən-Əskipara yolunun bəzi hissələrinin Azərbaycana verilməsi ehtimalı yüksəkdir”, - deyə məqalədə bildirilib.
Məqalədə xatırladılır ki, 2024-cü ilin yazında Əskiparada yaşayan insanlarla keçirilən görüşlər zamanı Paşinyan problemin mümkün həlli kimi həmin ərazilərdə tunel və yeni yolların tikintisini təklif etmişdi.
“Günən-Əskipara yolunun müəyyən hissələrinin Azərbaycana verilməsi İcevan-Noyemberyan nəqliyyat əlaqəsinin pozulmasına səbəb ola bilər. Bu yolun alternativ marşrutu Yenokavan-Qırmızıkənd-Cucevan yoludur. Lakin həmin marşrutun yalnız kiçik bir hissəsi istifadəyə yararlıdır”, - deyə məqalədə qeyd olunub.
Müəllif Tavus vilayət bələdiyyəsindən aldığı rəsmi cavaba da istinad edib.
“2024-cü ildə Ermənistan dövlət büdcəsi proqramı çərçivəsində Ərazi İdarəetməsi və İnfrastruktur Nazirliyinin sifarişi ilə uzunluğu 6,3 kilometr olan M-4 - Yenokavan - Qırmızıkənd - H-58 respublika əhəmiyyətli avtomobil yolunun bir hissəsində əsaslı təmir işləri aparılıb. İşlər “Canaparh” MMC tərəfindən həyata keçirilib və artıq istifadəyə verilib”, - deyə cavabda bildirilib.
Lakin vilayət bələdiyyəsinin məlumatına görə, yolun qalan 65,5 kilometrlik hissəsinin bərpası ilə bağlı səlahiyyətli qurum tərəfindən təsdiqlənmiş hər hansı proqram mövcud deyil.
Məqalədə qeyd olunur ki, 6,3 kilometrlik hissənin əsaslı təmiri üçün dövlət büdcəsindən 642 milyon dram vəsait xərclənib. “İki il keçməsinə baxmayaraq, yolun davamı hələ də tikilməyib”, - deyə müəllif vurğulayıb.
Nəşr əlavə edir ki, Qırmızıkənd yaylaq ərazisi Cucevandan və dövlətlərarası avtomobil yolundan təxminən 20 kilometr məsafədə yerləşir.
“Həmin yol asfalt örtüyünə malik deyil və ciddi əsaslı təmirə ehtiyac duyur”, - deyə məqalədə qeyd olunub.
Alpər Mövludoğlu
Ordu.az