Rusiya Prezidenti Vladimir Putin dəfələrlə beşinci nəsil “Su-57 Felon” qırıcısının imkanlarını tərifləyərək onu dünyanın ən yaxşı döyüş təyyarəsi adlandırıb. Putin və digər Kreml rəsmiləri onun qabaqcıl görünməzlik texnologiyasını, yüksək manevr qabiliyyətini və çoxməqsədli imkanlarını ön plana çıxarıblar.
Lakin Kreml divarlarından kənarda çox az adam bu iddialara inanır və skeptiklərin sırasına getdikcə daha çox Rusiyanın müstəqil hərbi blogerləri, yəni “milblogerlər” də qoşulur. Bu, diqqətəlayiqdir, çünki “Telegram” və digər platformalarda fəaliyyət göstərən həmin şəxslər Putinin Rusiyada azad mətbuata qarşı təzyiqləri gücləndirdiyi bir vaxtda açıq tənqid və dürüst mövqenin nadir nümunələrindən biri hesab olunurlar.
Bu onlayn simalar indiyədək Rusiya senzurasından yayına biliblər, çünki onlar ümumilikdə Ukraynadakı müharibəni dəstəkləyib və rus izləyicilər arasında millətçi və vətənpərvərlik hisslərini gücləndirmək funksiyasını yerinə yetiriblər. Lakin cəbhədə vəziyyət dəyişdikcə və Rusiya itkiləri artdıqca bəzi hərbi blogerlər müharibənin idarə olunmasını açıq şəkildə tənqid etməyə başlayıblar, hərçənd birbaşa Putini günahlandırmırlar. İndi isə görünür ki, onlardan bəziləri ən azı “Su-57” ilə bağlı məsələdə Rusiya prezidentinin dediklərinə də etibar etmirlər.
Uzun illərdir Rusiya hərbi analitiki kimi tanınan və Maksim Kalaşnikov təxəllüsündən istifadə edən Vladimir Aleksandroviç Kuçerenko Putinin açıqlamalarını şübhə altına alan şəxslərdən biridir. Bu barədə bu həftə “Defence Blog” məlumat yayıb.
“Əgər “Su-57” məşhur F-35-dən daha üstün aviasiya kompleksidirsə, bəs onda niyə Ukraynada görünmür? İsrail Hərbi Hava Qüvvələrinin F-35-ləri İrana qarşı elə fəaliyyət göstərdi ki, sanki orada heç bir hava hücumundan müdafiə sistemi yox idi. Onlar hava hücumundan müdafiə sistemlərini və kritik hədəfləri vururdular. Bəs Ukraynada “Su-57” tərəfindən oxşar fəaliyyət görürükmü? Xeyr, yalnız Pilotsuz Uçuş Aparatları (PUA) və raketlər. “Su-57”lər hətta onların dalğalarını belə müşayiət etmirlər? Bu həyatda sözlər yox, əməllər vacibdir. Biz artıq sözlərdən doymuşuq”, - deyə Kalaşnikov “Telegram”da yazıb
Kalaşnikov və digər blogerlər daha bir açıq sual verirlər: əgər “Su-57” Rusiya rəsmilərinin dediyi qədər qabiliyyətlidirsə, niyə Kreml onu Ukraynada istifadə etmir?
“Su-57”yə yönələn tənqidlər onun satışını çətinləşdirir
Bu, internetdə ilk açıq tənqid deyil. Hələ 2024-cü ilin noyabrında, 15-ci Çin Beynəlxalq Aviasiya və Aerokosmik Sərgisi ərəfəsində çinli blogerlər “Su-57” ilə yerli istehsal olan J-20 “Mighty Dragon” arasında müqayisələr apararaq Rusiya qırıcısını əlverişsiz vəziyyətdə göstərmişdilər.
Rusiya sərgi öncəsi “Su-57” ətrafında böyük maraq yaratmağa ümid edirdi, lakin reaksiyalar əsasən tənqidi xarakter daşıdı. Sərgi başa çatana qədər diqqət artıq Çinin J-20 və J-35 “Cloud Dragon” qırıcılarına yönəlmişdi. Çin sosial şəbəkələrində “Su-57”yə verilən reaksiyalar indi rus hərbi blogerlərinin səsləndirdiyi fikirlərin bir növ xəbərçisi olmuşdu.
“Su-57” haqqında yeni tənqid dalğasının “Rostec”ə və onun “Rosoboroneksport” törəmə şirkətinə yeni müqavilələr bağlamaqda kömək etməsi ehtimalı azdır. Bu, Putinin Hindistana təklif etdiyi, lakin artıq rədd cavabı aldığı sövdələşməyə baxmayaraq baş verir. “Defense News”un məlumatına görə, Rusiya lideri Hindistana “Su-57” istehsal etmək imkanı təklif edib və hətta bu əməkdaşlığın “heç bir məhdudiyyət olmadan” həyata keçirilə biləcəyini bildirib.
Putin bu təklifi ötən həftə keçirilən Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində irəli sürüb. Həmin tədbir tez-tez Rusiyanın Davos Forumu və ya Dünya İqtisadi Forumu analoqu adlandırılır. “Biz Hindistana bu təyyarəni təchiz etməyə və onu birlikdə inkişaf etdirməyə hazırıq. Bizim heç bir problemimiz və ya məhdudiyyətimiz yoxdur”, - deyə Putin bildirib.
Lakin Putinin səylərinə baxmayaraq, Hindistan bu təklifə nə ötən il, nə də ondan əvvəlki illərdə olduğundan daha çox maraq göstərir. Moskva uğur qazana bilmədən Yeni Dehlini cəlb etməyə çalışmaqda davam edir. Bu günə qədər Əlcəzair həmin qırıcının yeganə xarici alıcısı olaraq qalır. Kalaşnikov və digərlərinin şərhləri çinli blogerlərin tənqidlərindən daha ciddi nəticələr doğura bilər.
Tənqidçilər bildirirlər ki, hava müharibələrinin gələcəyi pilotsuz sistemlərə məxsusdur
Sosial media platformalarında tənqidlərin sayı kifayət qədər çoxdur. 2024-cü ilin payızında texnologiya sahibkarı İlon Mask Çin PUA-larının nümayişini tərifləyərək məşhur F-35 “Lightning II” beşinci nəsil qırıcısını tənqid etmişdi. O yazmışdı ki, F-35 kimi pilotlu qırıcılar inşa edənlər yalnız “axmaqlardır” və onların əvəzinə PUA-ların inkişaf etdirilməsinə çağırmışdı.
F-35-in istehsalçısı olan “Lockheed Martin” Maskın iddialarını rədd etmiş və öz çoxməqsədli görünməz döyüş təyyarəsinin imkanlarını müdafiə etmişdi.
Burada mühüm fərq ondan ibarətdir ki, Mask tez-tez mənbələri şübhəli olan qeyri-adi fikirlər və nəzəriyyələr paylaşan qalmaqallı şəxs kimi tanınır. Kalaşnikov isə uzun illərdir ölçülü-biçili şərhləri ilə tanınan nüfuzlu müstəqil rus hərbi analitikidir. Buna görə də onun “Su-57” ilə bağlı tənqidləri həm Rusiya ictimaiyyətində, həm də Kreml daxilində ciddi rezonans doğura bilər.
Bunun onun üçün hansı nəticələr yaradacağı hələ məlum deyil. Lakin görünür ki, bir müddət hündür binaların pəncərələrindən uzaq durması onun üçün daha təhlükəsiz olar.
Sevinc Əliyeva
Ordu.az