“SpaceX”in sürətli yüksəlişi səudiyyəli milyarder şahzadəni daha da zənginləşdirib

2026/06/1781513454.jpg
Oxunub: 234     12:52     15 İyun 2026    
İlon Maskın kosmik şirkəti “SpaceX”in birjadakı uğurlu debütü Səudiyyə Ərəbistanının ən zəngin şəxslərindən biri olan şahzadə Əl-Vəlid ibn Təlalın sərvətini əhəmiyyətli dərəcədə artırıb.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, cümə günü “SpaceX” səhmlərinin birjada uğurlu çıxışı şahzadənin “Kingdom Holding Co.” investisiya şirkətinin bazar dəyərinin kəskin artmasına səbəb olub.

Bazar günü ticarətin açılışı zamanı “Kingdom Holding”in səhmləri sürətlə bahalaşıb. Buna səbəb “SpaceX” səhmlərinin ilk gündəcə ciddi yüksəliş göstərməsi və Səudiyyə şirkətinə məxsus payın dəyərinin təxminən 7 milyard dollara çatması olub.

Bu məbləğ “Kingdom Holding”in ümumi bazar kapitallaşmasının təxminən yarısına bərabərdir. Şirkət rəhbərliyi bildirib ki, konqlomerata məxsus “SpaceX” səhmlərinin ilkin dəyəri 42,4 milyon dollar təşkil edib.

Cümə günü bağlanış qiymətlərinə əsasən həmin səhmlərin dəyəri artıq 6,8 milyard dollara yüksəlib. Bu fonda “Kingdom Holding”in səhmləri 5 faiz bahalaşıb və şirkətin bazar dəyəri 56 milyard riala, yəni təxminən 14,9 milyard dollara çatıb.

Xatırladaq ki, “SpaceX” (Space Exploration Technologies) ötən cümə birjada ticarətə başlayıb və tarixdə ən böyük IPO-lardan biri çərçivəsində 75 milyard dollar vəsait cəlb edib. Ticarət sessiyasının sonunda şirkətin səhmləri 19 faiz artaraq hər səhm üçün 160,95 dollar səviyyəsinə yüksəlib.

Bu yüksəliş iri investisiya fondlarının dar çevrəsinə on milyardlarla dollar qazanc gətirib. Belə ki, Maskın uzunmüddətli tərəfdaşı Piter Tilin rəhbərlik etdiyi “Founders Fund” vençur fondu şirkətin təxminən 3 faiz səhminə sahibdir.

“Bloomberg”in məlumatına görə, “Andreessen Horowitz” (a16z) fondu isə tarixində ən böyük mənfəəti əldə edəcək. “Sequoia Capital” fondu da “SpaceX”in təxminən 1,5 faiz səhminə nəzarət edir. Fond şirkətə ilk dəfə 2019-cu ilin sonunda investisiya yatırmışdı.

Bu ayın əvvəlində “Kingdom Holding” nümayəndələri açıqlamışdılar ki, şirkətin “SpaceX”dəki payı ümumi kapitalın 0,34 faizini təşkil edir. Bundan əlavə, şahzadə Əl-Vəlidin şəxsi payının da 0,29 faiz olduğu bildirilir.

“Bloomberg Billionaires Index”in məlumatına əsasən, bu aktivlər sayəsində Əl-Vəlidin xalis sərvəti 27 milyard dolları ötüb ki, bu da son on ildə onun üçün ən yüksək göstəricidir. Səudiyyəli milyarder ilk dəfə 2022-ci ildə Maskın investorlar komandasına qoşulub.

Həmin il “Tesla”nın həmtəsisçisi İlon Mask “Twitter” sosial şəbəkəsini 44 milyard dollara satın almışdı. Şahzadə o zaman köhnə platformadakı səhmlərini yeni şirkətdə paya çevirmişdi. O, bunu “Oracle” şirkətinin təsisçisi Larri Ellison və “Andreessen Horowitz” fondu kimi investorlarla birlikdə etmişdi.

“SpaceX”in birjaya çıxışı Səudiyyə Ərəbistanının digər investorlarına da fayda gətirəcək. Onların arasında 1 trilyon dollarlıq aktivləri idarə edən dövlət Suveren İnvestisiya Fondu (PIF) da var. Fond şahzadə Əl-Vəlidin şirkətində pay sahibidir.

Bu hadisə süni zəka və yüksək texnologiyaları iqtisadiyyatın şaxələndirilməsi və neftdən asılılığın azaldılması strategiyasının əsas istiqamətlərindən biri hesab edən Səudiyyə Ərəbistanı üçün də mühüm əhəmiyyət daşıyır.

Belə ki, PIF tərəfindən dəstəklənən “Humain” süni zəka şirkəti bu il Maskın “xAI” startapına 3 milyard dollar sərmayə yatırıb. Bu investisiya “xAI” üçün həyata keçirilən 20 milyard dollarlıq maliyyələşdirmə mərhələsinin tərkib hissəsi olub.

Nəticədə “Humain” şirkəti “xAI”də əhəmiyyətli azlıq payı əldə edib. Razılaşmaya əsasən, həmin aktivlər gələcəkdə “SpaceX” səhmlərinə çevriləcək. Hazırda Fars körfəzi ölkələrinin investorları süni zəka ekosistemində mövqelərini sürətlə gücləndirirlər.

BƏƏ-nin paytaxtı Əbu-Dabidə fəaliyyət göstərən “MGX” fondu dünyanın ən çox müzakirə olunan üç süni zəka laboratoriyası olan “Anthropic”, “OpenAI” və “xAI”də pay alaraq diqqət çəkib. Qətər də oxşar strategiya həyata keçirərək artıq “Anthropic” və “xAI” şirkətlərinə iri həcmdə investisiyalar yatırıb.

Süni zəka sektoruna ərəb kapitalının bu geniş axını yeni tendensiya kimi görünsə də, bəzi körfəz investorları uzun illərdir qabaqcıl texnologiyalara sərmayə qoyurlar. Məsələn, Əbu-Dabinin IHC fondu hələ 2020-ci ildə “SpaceX”ə investisiya yatırıb.

“Aabar” isə hələ 2009-cu ildə, kosmos və süni zəka qlobal bazarların əsas trendinə çevrilməmişdən çox əvvəl, Riçard Bransonun “Virgin Galactic” kosmik şirkətində pay əldə etmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SpaceX   Mask   Səudiyyə-Ərəbistanı  


Bizi "telegram"da izləyin