Slutski: “Ermənistandakı seçkilərin nəticələri suallar doğurur”

2026/06/1780926199.jpg
Oxunub: 306     17:39     08 İyun 2026    
Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri, Rusiya Liberal Demokrat Partiyasının lideri Leonid Slutski Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrinin azad iradə ifadəsi baxımından suallar yaratdığını bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Slutski TASS agentliyinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının qələbəsi xaricdə səsvermə imkanlarının məhdudlaşdırılması, müxalifətə təzyiqlər, senzura və media üzərində nəzarət şəraitində baş verib.

Slutski qeyd edib ki, bu səbəbdən seçkilərin nəticələri ilə bağlı ciddi suallar yaranır və nəticələrin şişirdilmiş olması ehtimalı mövcuddur.

“Baş verənlər Ermənistan cəmiyyətində parçalanmanı daha da dərinləşdirir. Bu seçkilər böyük ölçüdə ölkənin xarici siyasət kursu, o cümlədən Avropa İttifaqına inteqrasiya və Avrasiya İqtisadi Birliyi ilə münasibətlər məsələləri üzrə səsvermə xarakteri daşıyıb”, - deyə o vurğulayıb.

Slutski vurğulayıb ki, Nikol Paşinyanı qələbə münasibətilə ilk təbrik edənlərdən biri Avropa Komissiyasının sədri Ursula fon der Lyayen olub və bu faktı Brüsselin Ermənistandakı proseslərə marağının göstəricisi kimi qiymətləndirib.

O iddia edib ki, əgər Paşinyan Ermənistan ərazisində “anti-Rusiya layihəsi”nin həyata keçirilməsinə imkan versə, İrəvan Ukraynanın üzləşdiyi problemlərlə qarşılaşa bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Slutski   Ermənistan  


Bizi "telegram"da izləyin