Ordu.az xəbər verir ki, Papoyan bu barədə iyunun 8-də jurnalistlərlə söhbəti zamanı danışıb.
Onun sözlərinə görə, seçki kampaniyasının əsas xüsusiyyətlərindən biri müxalif qüvvələrin seçiciləri kütləvi şəkildə ələ almağa cəhd göstərməsi olub.
Papoyan qeyd edib ki, hüquq-mühafizə orqanları tərəfindən yalnız onlarla seçki rüşvəti faktı qeydə alınsa da, real miqyasın bundan qat-qat böyük olduğunu düşünür.
Erməni nazirin iddiasına görə, bəzi tanınmış siyasi qüvvələr seçicilər arasında milyardlarla dram məbləğində vəsait paylayıblar və minlərlə belə hal aşkar edilmədən qalıb.
Papoyan bildirib ki, 2021-ci ildə “Vətəndaş Müqaviləsi” partiyasına 688 min 761 nəfər səs verdiyi halda, 2026-cı ildə bu göstərici 727 min 160 nəfərə çatıb.
“Bu nəticə partiyanın əvvəlkindən daha güclü mandat aldığını və əhali arasında daha geniş dəstəyə malik olduğunu göstərir. Məhz buna görə Baş erməni nazir Nikol Paşinyan rəsmi yekunlar açıqlanmamışdan əvvəl qələbə elan edib”, - deyə erməni nazir qeyd edib.
O bildirib ki, partiyanın demək olar bütün seçki məntəqələrində etibarlı nümayəndələri olub və nəticələrin ümumi mənzərəsi əvvəlcədən məlum idi.
Erməni nazir seçki komissiyalarına təzyiq göstərilməsi ilə bağlı iddiaları da rədd edib. Onun fikrincə, səslərin hesablanması riyazi prosesdir və siyasi bəyanatlardan asılı deyil.
“Nəticələrlə bağlı şübhələri olan şəxslər qanuni qaydada şikayət verə və səslərin yenidən hesablanmasını tələb edə bilərlər. Bu seçkilərdə Ermənistan qeyri-adi vəziyyətlə üzləşib. Əvvəlki təcrübədən fərqli olaraq, seçki saxtakarlığı və seçici ələ alınması halları hakimiyyət tərəfindən deyil, müxalifət tərəfindən həyata keçirilib”, - deyə Papoyan bildirib.
Erməni nazir qeyd edib ki, hüquq-mühafizə orqanlarının yayımladığı səs yazıları kampaniya dövründə seçicilərə pul paylanıldığını sübut edir və o, yaxın illərdə bu işlərin araşdırılmasını diqqətlə izləyəcək.
Papoyan vurğulayıb ki, heç kəs məsuliyyətdən yayına bilməyəcək və seçki rüşvəti məsələsini dövlət və milli təhlükəsizlik məsələsi hesab edir.
Ermənistanın iqtisadiyyat naziri kampaniya dövründə inzibati resurslardan istifadə edilməsi ilə bağlı ittihamları da qətiyyətlə rədd edib. O bildirib ki, partiya üzvləri təşviqatı şəxsən aparıb və insanların mitinqlərə təşkil olunmuş şəkildə gətirilməsi barədə heç vaxt göstəriş verməyiblər.
Papoyan siyasi rəqiblərini tənqid edərək yenidən “müharibənin üçbaşlı partiyası” ifadəsini işlədib. Onun sözlərinə görə, həmin blokun bir hissəsi artıq seçkilərdə məğlub olub, hakim partiyanın əsas siyasi vəzifəsi isə qalan qüvvələrlə mübarizəni davam etdirməkdir.
Müxalifət qüvvələrinin birlikdə səslərin təxminən 41 faizini toplaması ilə bağlı sualı cavablandıran Papoyan bildirib ki, məsələ rəqəmlərdə deyil. Onun fikrincə, seçici səslərini rüşvət yolu ilə qazandığını düşündüyü qüvvələrə qarşı siyasi mübarizə aparılmalıdır.
Alpər Mövludoğlu
Ordu.az