İran XİN ABŞ ilə danışıqlarda əsas problemi açıqlayıb

2026/05/1780063241.jpg
Oxunub: 237     16:48     07 İyun 2026    
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi hesab edir ki, ABŞ ilə danışıqlarda əsas problem Vaşinqtonun daim dəyişən və ziddiyyətli mövqeyidir.

Ordu.az xəbər verir ki, Bəqayi bu barədə Tehranda CNN-in baş beynəlxalq müxbiri Frederik Pleytgenə müsahibəsində danışıb.

Onun sözlərinə görə, tərəflər arasında mesaj mübadiləsi Pakistanın vasitəçiliyi ilə davam etdirilib.

“Bu administrasiya ilə danışıqlarda əsas problem ondan ibarətdir ki, siz daim dəyişən mövqelər, məqsədlərin dəyişməsi, müxtəlif bəyanatlar və fərqli rəsmilərin bir-birinə zidd açıqlamaları ilə qarşılaşırsınız. Bu isə bütün prosesi olduqca çətinləşdirir”, - deyə Bəqayi bildirib.

O qeyd edib ki, problemli məqamlar az deyil, lakin əsas məsələ ABŞ-nin İranın hüquqlarını tanımalı olmasıdır.

Bəqayinin sözlərinə görə, bu hüquqlara Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə uyğun olaraq İranın dinc məqsədlərlə nüvə yanacağını zənginləşdirmək hüququ da daxildir.

“Onlar dondurulmuş aktivlərimizdən danışırlar, lakin bizə heç bir güzəşt etməyə hazır deyillər”, - deyə o vurğulayıb.

İran xarici banklarda saxlanılan milyardlarla dollar həcmində dondurulmuş vəsaitlərinin azad edilməsini tələb edir.

CNN-in məlumatına görə, ABŞ gələcəkdə İranın mümkün hücumlarından zərər görə biləcək Fars körfəzi ölkələrinin bərpasına dəstək məqsədilə İran aktivlərindən istifadəyə icazə verməyi nəzərdən keçirir.

Məlumatda bildirilir ki, ABŞ Maliyyə Nazirliyi keçmişdə vurulmuş zərərlərin kompensasiyası üçün də İran aktivlərindən istifadə imkanını müzakirə edir.

“ABŞ sadəcə olaraq sanksiyalara son qoymalıdır. Sanksiyalar və dondurulmuş aktivlər məsələsinə gəldikdə isə onlar İran aktivlərinin azad edilməsinə və iranlıların istifadəsinə imkan verməlidirlər”, - deyə Bəqayi bildirib.

O, ABŞ-ni apreldə qüvvəyə minmiş atəşkəs razılaşmasına əməl etməməkdə də ittiham edib. “Onlar həm Hörmüz boğazında, həm də açıq dənizdə ticarət gəmilərimizə hücum edirdilər”, - deyə İran rəsmisi bildirib.

Bəqayi vəziyyətin olduqca qeyri-sabit və təhlükəli olduğunu vurğulayıb. Onun sözlərinə görə, bütün bunlar ABŞ-nin regiona və xüsusilə atəşkəs məsələsinə yanaşmasındakı məsuliyyətsiz siyasətin nəticəsidir.

İran XİN nümayəndəsi xəbərdarlıq edib ki, İran Silahlı Qüvvələri istənilən hücuma tam gücü ilə cavab verməyə hazırdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   Bəqayi  


Bizi "telegram"da izləyin