Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti və “Hayastan” blokunun baş nazirliyə namizədi Robert Köçəryan parlament seçkilərində səs verdikdən sonra jurnalistlərlə söhbətində deyib.
Paşinyanın onu həbs etdirməklə bağlı təhdidlərinə münasibət bildirən Köçəryan sərt açıqlama verib.
“Mən qanunsuz olaraq həbs olunmuşam və sonradan bəraət almışam. İndi isə Paşinyanın qanuni şəkildə və çox uzun müddət həbsdə qalmasının vaxtıdır”, - deyə o bildirib.
Seçki rüşvəti ilə bağlı ittihamlara münasibət bildirən Köçəryan qeyd edib ki, həmin materiallarla tanış deyil. Bununla belə, o, Ermənistan Antikorrupsiya Komitəsinin bütün gün ərzində müxtəlif səs yazıları yaydığını xatırladıb.
Köçəryan bildirib ki, ölkədə sanki bütün vətəndaşlar dinlənilir.
“İnsanların mətbəxlərinə və yataq otaqlarına daxil olurlar”, - deyə erməni siyasətçi vurğulayıb.
Onun fikrincə, Paşinyan qorxaq insandır və öz qorxularını vətəndaşların üzərinə proyeksiya edərək istədiyi nəticəni əldə etməyə çalışır.
Köçəryan bir daha bəyan edib ki, ən çox səs qazanan siyasi qüvvə və ya müxalif koalisiya baş nazir postuna öz namizədini irəli sürmək hüququna malikdir və bu, Konstitusiyanın ruhundan irəli gəlir.
Digər müxalif qüvvələrin “Hayastan” bloku ilə əməkdaşlıqdan yayınması ilə bağlı suala cavabında isə o qeyd edib ki, hakimiyyət seçki kampaniyası dövründə “üçbaşlı partiya” tezisini irəli sürərək digər müxalif qüvvələrin guya onun üçün işlədiyini iddia edirdi.
“Bu tezis işləmir. Müxalif qüvvələr öz müstəqilliklərini vurğulayırlar və mən onları başa düşürəm”, - deyə Köçəryan bildirib.
Alpər Mövludoğlu
Ordu.az