Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Hökumət Rabitə Mərkəzinin rəhbəri Enn Kist-Butler bildirib.
İkinci Dünya müharibəsi dövrünün şifrələrin açılması mərkəzi olan Bletçli Parkda çıxış edən britaniyalı radioelektron kəşfiyyat rəhbəri bildirib ki, Böyük Britaniya və onun müttəfiqləri hazırda “sülh və müharibə arasındakı boz zonada” fəaliyyət göstərirlər.
Məlumata görə, bu vəziyyət Rusiyanın Qərbə qarşı gündəlik hibrid fəaliyyətini gücləndirməsi fonunda baş verir. Kist-Butler bildirib ki, milli təhlükəsizlik sahəsində keçirdiyi otuz il ərzində bu gün olduğu qədər ciddi səhv və yanlış hesablamalar riski ilə qarşılaşmayıb.
Onun sözlərinə görə, vətəndaşlar, biznes strukturları və hökumətlər kibertəhlükəsizliyin kritik əhəmiyyətini anlamasalar, Qərb Rusiya və digər rəqiblərlə kibermübarizədə məğlub ola bilər.
Böyük Britaniyanın Hökumət Rabitə Mərkəzinin rəhbəri texnologiya sektorunun inkişaf sürətinin cəmiyyətin risklərə uyğunlaşma imkanlarını üstələdiyini də vurğulayıb.
“Texnologiya nəhəngləri süni zəkaya əsaslanan yenilikləri heyrətamiz sürətlə təqdim edirlər və bu, gözlənilməz nəticələrə səbəb olur. Alqoritmlər birbaşa hərbi toqquşma həddindən bir qədər aşağı səviyyədə istifadə olunan silahlara çevrilir. Süni zəka həm böyük imkanlar, həm də böyük təhlükələr yaradan qaçılmaz gücdür”, - deyə o qeyd edib.
Kist-Butler bildirib ki, sürətli texnoloji inkişaf səbəbindən Böyük Britaniya və müttəfiqlərinin Çin üzərində texnoloji üstünlüyü qoruması üçün vaxt getdikcə azalır.
O, Çini elmi-texniki “supergüc” adlandıraraq kibertəhlükəsizlik məsələsinin həm iri korporasiyalarda, həm də adi vətəndaşların gündəlik həyatında daha yüksək prioritetə çevrilməsinə çağırış edib.
Məlumata görə, Böyük Britaniyanın Hökumət Rabitə Mərkəzi çağırışlara qarşı mübarizə məqsədilə maşın sürəti ilə işləyən avtonom süni zəka sistemlərini kibermüdafiə infrastrukturuna inteqrasiya etməyi planlaşdırır.
Sevinc Əliyeva
Ordu.az