Ordu.az xəbər verir ki, bu barədə “Guardian” nəşri məlumat yayıb.
Qapalı müzakirələrin gedişi ilə tanış olan üç diplomatik mənbənin sözlərinə görə, Avropa İttifaqının Avropa məsələləri üzrə nazirləri çərşənbə axşamı keçirilən görüşdə Londonla əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını bildiriblər. Bununla yanaşı, vurğulanıb ki, bu əməkdaşlıq birlik prinsiplərinə tam uyğun şəkildə həyata keçirilməlidir.
Nazirlər Avropa İttifaqı siyasətində “seçmə yanaşma” prinsipinin qəbuledilməz olduğunu xüsusi qeyd ediblər.
Məlumata görə, Böyük Britaniya hökuməti ötən həftə Brüsselə Böyük Britaniya ilə Avropa İttifaqı arasında mallar üzrə ayrıca vahid bazarın yaradılması təklifini təqdim edib. Lakin Avropa rəsmiləri bu təşəbbüsü dərhal rədd ediblər.
Bildirilir ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer və maliyyə naziri Reyçel Rivz tərəfindən dəstəklənən bu ideya Avropa İttifaqının əsas prinsiplərindən ciddi geri addım hesab olunur.
Avropa İttifaqı rəhbərləri “Brexit” referendumundan etibarən vahid bazarın dörd əsas azadlıq üzərində qurulduğunu bəyan edirlər. Bunlara malların, xidmətlərin, kapitalın və insanların sərbəst hərəkəti daxildir.
Avropa mənbələrinin sözlərinə görə, Avropa nazirləri yalnız mallar üçün sərbəstlik nəzərdə tutan Britaniya konsepsiyasını dəstəkləmək niyyətində deyillər.
Diplomatik mənbələr bildiriblər ki, Avropa İttifaqına üzv dövlətlər mövcud hüquqi bazanın toxunulmazlığını təsdiqləyiblər. Onlar dörd azadlığın bölünməzliyinə, hüquq və öhdəliklər arasında balansın qorunmasına, həmçinin Avropa İttifaqının qərar qəbul etmə müstəqilliyinə sadiq olduqlarını vurğulayıblar.
Avropa Komissiyasının Londonla münasibətlər üzrə nümayəndəsi Maroş Şefçoviç isə bildirib ki, Avropa İttifaqı əlaqələrin dərinləşdirilməsi məsələsində vahid mövqeyini qoruyur, lakin Böyük Britaniyanın müəyyən etdiyi “qırmızı xətlər” bu prosesi məhdudlaşdırır.
Paris administrasiyası dəyişən geosiyasi vəziyyət fonunda Böyük Britaniyanın Avropa İttifaqının vahid bazarına və gömrük ittifaqına qayıtmasını alqışlamağa hazır olduğunu da açıqlayıb.
Bununla yanaşı, bir sıra Avropa ölkələri Böyük Britaniyanın başqa tərəfin qaydalarını qəbul etməyə hazır olub-olmaması ilə bağlı şübhələrini ifadə ediblər.
Diplomatlardan biri bildirib ki, London həm üstünlüklərdən yararlanmaq, həm də nəticələrdən yayınmaq istəyir. Onun sözlərinə görə, Avropa İttifaqı Böyük Britaniya ilə sabit münasibətləri qiymətləndirir, lakin tərəflərin tam bərabər tərəfdaş olmadığı da unudulmamalıdır.
Qeyd edək ki, Avropa İttifaqı ilə Böyük Britaniya arasında keçirilməsi planlaşdırılan sammitin dəqiq tarixi hələ müəyyənləşdirilməyib. İlkin təqvimdə görüşün iyulun 13-nə planlaşdırıldığı göstərilib.
Sevinc Əliyeva
Ordu.az