CSIS: ABŞ-nin İranla müharibədən sonra silah ehtiyatlarını bərpa etməsi üçün ən azı üç il tələb olunur

2026/05/1779946175.jpg
Oxunub: 664     04:18     28 May 2026    
ABŞ hərbi sənayesinin İranla müharibə zamanı istifadə olunan əsas silah sistemlərinin ehtiyatlarını bərpa etməsi üçün ən azı üç ilə ehtiyac duyacağı bildirilib.

Ordu.az xəbər verir ki, bu barədə Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) “Associated Press” agentliyinə təqdim etdiyi yeni hesabatda qeyd olunub.

Analitiklər bildiriblər ki, raket çatışmazlığı Çinlə mümkün hərbi qarşıdurma zamanı ABŞ üçün təhlükəli “zəiflik pəncərəsi” yaradır.

Hesabatda söhbətin istehsalı qısa müddətdə artırılması mümkün olmayan yüksək texnologiyalı silahlardan getdiyi vurğulanıb.

Bunlara “Tomahawk” qanadlı raketləri, “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlər və THAAD raketdən müdafiə sistemlərinə məxsus önləyici raketləri daxildir.

Məlumata görə, ABŞ İranla müharibə zamanı 1000-dən çox “Tomahawk” raketi buraxıb. Müharibədən əvvəl “Raytheon” şirkəti hər il 200-dən az raket istehsal edirdi. Alabama və Arizona ştatlarında zavodların genişləndirilməsinə baxmayaraq, müharibədən əvvəlki ehtiyatların yalnız 2030-cu ilin sonuna qədər bərpa ediləcəyi bildirilir.

CSIS analitikləri Mark Kansian və Kris Pak qeyd ediblər ki, mövcud münaqişə çərçivəsində ABŞ-nin kifayət qədər sursat ehtiyatı olsa da, anbarların boşalması Tayvan boğazında mümkün qarşıdurma üçün ciddi risk yaradır.

Hesabatda qeyd olunub ki, İran hücumlarının qarşısını almaq üçün istifadə olunan təxminən 290 THAAD önləyici raketinin ehtiyatını bərpa etmək üçün ABŞ müdafiə sənayesinə 2029-cu ilin sonuna qədər vaxt lazım olacaq.

Bundan əlavə, “Lockheed Martin” şirkətinin ABŞ ordusunun tələbatını qarşılamaq üçün xarici sifarişləri təxirə saldığı bildirilib.

“Patriot” sistemləri üçün istifadə olunan 1000-dən çox önləyici raketin əvəzlənməsinin isə 2029-cu ilin ortalarına qədər davam edəcəyi vurğulanıb.

Ekspertlərin fikrincə, Pentaqon həm öz ehtiyacları, həm Ukraynaya tədarük, həm də “Patriot” sistemindən istifadə edən digər 17 ölkə qarşısında öhdəliklər arasında balans yaratmağa çalışır.

Məlumata görə, Donald Tramp administrasiyası 2027-ci il üçün 1,5 trilyon dollar həcmində rekord müdafiə büdcəsi təsdiqləyib və qabaqcıl silah sistemlərinin alınması siyasətini davam etdirir.

ABŞ müharibə naziri Pit Heqset bildirib ki, istehsal müəssisələrinə yatırılan investisiyalar zavodların istehsal gücünü iki və ya üç dəfə artırmağa imkan verəcək.

Bununla belə, müstəqil ekspertlər mürəkkəb raket sistemlərinin istehsalının qısa müddətdə sürətləndirilməsinin mümkün olmadığını qeyd edirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Silah  


Bizi "telegram"da izləyin