Erməni ekspert: “Rubionun İrəvan səfərinin əsas özəlliyi yalnız Paşinyanla görüş keçirməməsi deyildi”

2026/05/1779861009.jpg
Oxunub: 339     09:56     27 May 2026    
“Rubionun İrəvan səfərinin əsas özəlliyi yalnız Ermənistanın baş naziri Nikol Paşinyanla görüş keçirməməsi deyildi”.

Ordu.az xəbər verir ki, bunu beynəlxalq münasibətlər üzrə erməni ekspert Suren Sarkisyan “Facebook” səhifəsində yazıb.

“Bu analizdə daha çox imzalanan sənədlərə diqqət yetirmək istəyirəm”, - deyə Sarkisyan qeyd edib.

Erməni ekspertin sözlərinə görə, ABŞ və Çin arasında xüsusilə kritik minerallar sahəsində ciddi rəqabət mövcuddur.

“Vaşinqtonun əsas məqsədləri Çin tədarükündən asılılığı azaltmaq və resurslarla zəngin ölkələrin mədən sənayesində təsir imkanları əldə etməkdir. ABŞ bu məqsədlə Ukrayna, Səudiyyə Ərəbistanı, Konqo Demokratik Respublikası, Avstraliya, Qazaxıstan və onlarla başqa ölkə ilə oxşar sazişlər imzalayıb.

Hətta ABŞ-nin Qrenlandiyaya marağının əsas səbəblərindən biri də onun mineral ehtiyatlarıdır və Donald Tramp administrasiyası bunu dəfələrlə bəyan edib”, - deyə o vurğulayıb.

Sarkisyan qeyd edib ki, ABŞ müxtəlif ölkələrlə münasibətlərini müəyyən kateqoriyalar üzrə təsnif edir.

“Bunlara müttəfiqlik münasibətləri, strateji tərəfdaşlıq, hərtərəfli strateji tərəfdaşlıq, hərtərəfli tərəfdaşlıq, NATO xaricində əsas müttəfiq statusu, NATO üzvü müttəfiqlər və digər dost ölkələr daxildir.

Bu kontekstdə Ermənistan müəyyən mənada münasibətlər səviyyəsini yüksəldib, lakin təbii ki, müttəfiqlik münasibətlərindən söhbət gedə bilməz”, - deyə erməni ekspert bildirib.

Sarkisyan, həmçinin ABŞ-nin Cənubi Qafqaz siyasətində TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsinin mühüm rol oynadığını vurğulayıb.

“ABŞ regionda iki əsas prioritetə malikdir: TRIPP layihəsinin reallaşdırılması və İrana təzyiqin artırılması. Layihənin məqsədi Mərkəzi Asiyanın enerji resurslarını Çin, Rusiya və İranı kənarda saxlamaqla Cənubi Qafqaz və Türkiyə vasitəsilə Avropaya çatdırmaqdır”, - deyə o qeyd edib.

Erməni ekspert bildirib ki, Çin artıq Mərkəzi Asiyanın enerji resursları üzərində müəyyən təsir imkanları əldə edib və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Avropaya çıxış yollarını gücləndirməyə çalışır.

“ABŞ isə Çinin ixrac imkanlarını məhdudlaşdırmaq və onun üçün çətinliklər yaratmaq məqsədilə alternativ regional layihələri təşviq edir. Başqa sözlə, Çin Mərkəzi Asiyanın enerji resurslarına nəzarəti gücləndirirsə, ABŞ rəqabət məntiqi çərçivəsində Avropaya aparan tranzit dəhlizlərinə nəzarət etməyə çalışır”, - deyə Sarkisyan vurğulayıb.

Onun sözlərinə görə, əvvəllər əsas problemlərdən biri Xəzər dənizi vasitəsilə Azərbaycana çatdırılan resursların Türkiyəyə daşınması üçün İran ərazisindən keçməsinin zəruri olması idi.

“TRIPP layihəsi işə düşərsə, bu dəhliz Ermənistan üzərindən təmin olunacaq, İran və Rusiyadan yan keçəcək, eyni zamanda Çinin alternativ logistika marşrutlarına əlavə çətinliklər yaradacaq.

Beləliklə, Tramp administrasiyası Cənubi Qafqazda ABŞ maraqlarını kifayət qədər effektiv şəkildə irəli aparır. Ermənistan hakimiyyəti isə təbii olaraq bu qlobal rəqabət şəraitində ABŞ üçün maneə yaratmır və nəticə etibarilə Vaşinqtonun dəstəyindən faydalanır”, - deyə erməni ekspert qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubio   Ermənistan  


Bizi "telegram"da izləyin