Bu barədə
Ordu.az-a Azərbaycanın Koreya Respublikasındakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, 28 May - Müstəqillik Günü Seulda böyük coşqu ilə qeyd olunub. Bu münasibətlə keçirilmiş tədbirə Koreya Respublikasının Xarici İşlər Nazirliyi və digər hökumət qurumlarının, siyasi, iqtisadi, elmi, mədəni dairələrin, KİV-lərin, diplomatik korpusun təmsilçiləri qatılıblar.
Ölkəmizin Koreya Respublikasındakı səfiri Ramin Həsənov müsəlman Şərqində ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) o dövr üçün ən mütərəqqi dövlətlərin sırasında yer aldığını vurğulayıb. O qeyd edib ki, AXC cəmi iki ildən sonra Sovet işğalı altına girsə də, onun dünyəvi və demokratik dəyərləri və ideyaları Azərbaycan xalqının yaddaşında qorunub saxlanılıb və 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü məhz AXC-nin varisi elan edib.
Diplomat vurğulayıb ki, ölkəmiz 90-cı illərin əvvəllərində çox çətin dövrdən keçib və yalnız Ümummilli Lider Heydər Əliyevin sayəsində sabitlik, inkişaf və beynəlxalq əməkdaşlıq yoluna qədəm qoyub.
Ramin Həsənov həmçinin Ermənistanla münasibətlərin normallaşması prosesindən danışaraq Azərbaycan Prezidenti İlham Əliyevin tarixi Vaşinqton səfərinin nəticələrinə toxunub və regionda davamlı sülhün yaranması üçün real imkan yarandığını vurğulayıb. Eləcə də işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan fəal quruculuq işlərini qeyd edib.
Bununla yanaşı, Cənubi Koreyada yaşayan Azərbaycan diasporu və bu ölkədə təhsil alan tələbələrimiz də tədbirdə iştirak etdilər.
Ordu.az