İran BƏƏ istiqamətində 3,3 min raket və PUA buraxıb

2026/05/1779453637.jpg
Oxunub: 346     16:30     22 May 2026    
İran ABŞ və İsrailin İslam Respublikasına qarşı hərbi əməliyyatlara başlamasından etibarən Birləşmiş Ərəb Əmirlikləri istiqamətində təxminən 3,3 min raket və pilotsuz uçuş aparatı buraxıb.

Ordu.az xəbər verir ki, bu barədə BƏƏ Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaş məlumat verib.

O, Praqada keçirilən GLOBSEC Forum beynəlxalq təhlükəsizlik konfransında çıxışı zamanı bildirib ki, İranın hücumu onlar üçün ən pis ssenari olub.

“Lakin hesab edirəm ki, biz buna qarşı kifayət qədər uğurla müqavimət göstərə bildik. Kifayət qədər etibarlı təbəqəli hava hücumundan müdafiə sistemi yaratmışıq”, - deyə Qarqaş bildirib.

Onun sözlərinə görə, 40 günlük müharibə dövründə və sonrasında BƏƏ-yə qarşı yönəldilən İran raketləri və pilotsuz uçuş aparatlarının ümumi sayı təxminən 3 min 300 olub.

Qarqaş iddia edib ki, həmin raket və pilotsuz uçuş aparatlarının yalnız 4 faizi BƏƏ ərazisindəki hədəflərə çata bilib.

Xatırladaq ki, 2026-cı il fevralın 28-də ABŞ və İsrail İran əleyhinə hərbi əməliyyatlara başlayıb.

Zərbələr nəticəsində Tehran da daxil olmaqla İranın iri şəhərləri hədəfə alınıb.

İslam İnqilabı Keşikçiləri Korpusu isə cavab olaraq İsrailə qarşı genişmiqyaslı əməliyyat başladığını açıqlayıb.

Bundan əlavə, Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ hərbi obyektlərinə də zərbələr endirilib.

İran hakimiyyəti həmçinin ABŞ, İsrail və İslam Respublikasına qarşı aqressiyanı dəstəkləyən ölkələrlə əlaqəli gəmilər üçün Hörmüz boğazını bağlamaq qərarı qəbul edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   BƏƏ  


Bizi "telegram"da izləyin