WP: ABŞ İrana qarşı hücumlarda İsraildən daha çox raketdən müdafiə sursatı xərcləyib

2026/05/1779440820.jpg
Oxunub: 489     12:57     22 May 2026    
ABŞ-nin fevralın 28-də İsraillə birlikdə İrana qarşı başlatdığı və müvəqqəti atəşkəslə başa çatan hücumlar zamanı İsrailin müdafiəsi üçün bu ölkənin istifadə etdiyindən daha çox qabaqcıl raketdən müdafiə sursatı sərf etdiyi iddia olunub.

Ordu.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Məsələ ilə bağlı məlumatlı olan və adının çəkilməsini istəməyən bir neçə ABŞ rəsmisi Vaşinqton administrasiyasının İrana qarşı hücumlarda sərf etdiyi sursatla bağlı detalları açıqlayıb.

Rəsmilər iddia ediblər ki, ABŞ ordusu İrana qarşı hücumlarda İsraili müdafiə etmək üçün İsrail qüvvələrinin istifadə etdiyindən xeyli çox qabaqcıl raketdən müdafiə sursatı sərf edib və bunun nəticəsində əlində olan ehtiyatın böyük hissəsi tükənib.

Onların sözlərinə görə, ABŞ İsraili müdafiə etmək üçün 200-dən çox Terminal Yüksək Hündürlükdə Hava Hücumundan Müdafiə (THAAD) sistemi buraxıb, həmçinin Şərqi Aralıq dənizindəki dəniz platformalarından 100-dən çox “Standard Missile-3” və “Standard Missile-6” raketi atıb.

Rəsmilər əlavə ediblər ki, İsrail isə buna qarşılıq 100-dən az “Arrow” raketi və təxminən 90 “David's Sling” raketi istifadə edib. Bildirilib ki, bunların bəziləri İrana qarşı deyil, Yəmən və Livandan gələn raketlərə qarşı tətbiq olunub.

Qeyd olunub ki, münaqişə yenidən başlasa, bölgədəki İran müttəfiqlərinin buna nə dərəcədə qoşulacağı mühüm amil olacaq. Rəsmilər həmçinin iddia ediblər ki, husilər və Hizbullahın hədəfə alınması səbəbindən martın sonuna qədər İsrailin hava hücumlarının intensivliyi münaqişənin əvvəlki dövrünə nisbətən yarıbayarı azalıb.

Onların sözlərinə görə, daha əvvəl İsrail və ABŞ THAAD kimi yüksək səviyyəli önləyicilər və gəmi əsaslı raketlərin İsrailə yönəlmiş ballistik təhdidlərin böyük hissəsini effektiv şəkildə qarşılayacağı bir ballistik raketdən müdafiə çərçivəsi üzərində razılaşıblar.

Rəsmilər vurğulayıblar ki, ABŞ ümumilikdə İsrailə nisbətən təxminən 120-dən çox önləyici raket buraxıb və iki dəfə artıq raketi zərərsizləşdirib. Onlardan biri qeyd edib: “Münaqişə yenidən başlasa, balans yəqin ki, daha da pisləşəcək”.

Başqa bir ABŞ rəsmisi də “İsrailin təkbaşına müharibə qazanmaq gücündə olmadığını” deyərək, bunun nəticələrinin heç kim tərəfindən tam görünmədiyini bildirib.

ABŞ Müharibə Nazirliyinin sözçüsü Şon Parnell isə açıqlamasında həm İsrailin, həm də ABŞ-nin İrana qarşı hücumlarda “yükgü bərabər paylaşdığını” deyib. O, hər iki ölkənin də döyüş təyyarələri, pilotsuz uçuş aparatlarına qarşı sistemlər və digər qabaqcıl hava və raketdən müdafiə imkanlarından maksimum səmərəliliklə istifadə etdiyini bildirib.

İsrailin Vaşinqtondakı səfirliyinin açıqlamasında isə qeyd edilib: “ABŞ-nin İsrailin hərbi iradəsinə, hazırlığına, ortaq maraqlarına və imkanlarına malik başqa tərəfdaşı yoxdur”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin