Ordu.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Məlumata görə, buna səbəb Fələstin tərəfdarı olan “Sumud” donanmasının fəalları ilə bağlı insident olub.
Bildirilib ki, Ben-Qvir daha əvvəl “X” sosial şəbəkəsində fəalların İsrailə gətirilməsi ilə bağlı videogörüntülər paylaşıb. Kadrlarda İsrail hüquq-mühafizə orqanlarının fəallarla alçaldıcı rəftar etdiyi əks olunub.
“Politico”nun məlumatına görə, İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard Ben-Qvirə qarşı “təcili sanksiyalar” tətbiq edilməsinin vacibliyini bildirib. Polşa tərəfi isə nazirin ölkəyə girişinə qadağa qoyulacağını açıqlayıb.
İtaliyanın xarici işlər naziri Antonio Tayani də məhdudiyyətlərin tətbiqini dəstəkləyib.
Eyni zamanda, bəzi ölkələr, o cümlədən Çexiyanın xarici işlər naziri Petr Matsinka sanksiyaların əleyhinə çıxış edib.
Avropa İttifaqının anonim qalan iki nümayəndəsi nəşrə bildirib ki, məhdudiyyətlər İsraildə oktyabr ayında keçiriləcək seçkilər ərəfəsində Ben-Qvir tərəfindən siyasiləşdirilə bilər.
Onların sözlərinə görə, nazir məhz belə reaksiyanın yaranmasına nail olmaq üçün “qalmaqallı video” yayımlayıb və bunu seçki kampaniyasının bir hissəsi kimi edib.
İsrail Xarici İşlər Nazirliyi mayın 19-u axşam saatlarında Qəzza zolağına doğru hərəkət edən “Sumud” donanmasının bütün gəmilərinin saxlanıldığını və ümumilikdə 430 fələstin tərəfdarı fəalın həbs olunduğunu açıqlayıb.
Qurum bildirib ki, onların hamısı İsrail ərazisinə gətirilərək konsulluq nümayəndələri ilə görüşəcəklər.
“Sumud” qlobal donanmasının hazırkı aksiyası aprel ayında başlayıb. Aksiya iştirakçıları məqsədlərinin Qəzzaya tətbiq olunan İsrail dəniz blokadasını yarmaq və daimi humanitar dəniz dəhlizi yaratmaq olduğunu bildiriblər.
İsrailin “Ynet” portalı isə mayın 18-də İsrail ordusunun beynəlxalq sularda donanma gəmilərini saxlamağa başladığını yazıb. Məlumata görə, fəallar əvvəlcə xüsusi üzən həbsxanaya, daha sonra isə Aşdod limanına aparılmalı idi.
Sevinc Əliyeva
Ordu.az