Məlumata görə, qeyd olunan ölkələr ABŞ və İrana “hərbi qarşıdurmanın dayandırılması niyyətinə dair bəyannamə imzalamağı və otuz günlük danışıqlar müddəti müəyyən etməyi” təklif ediblər. Bununla yanaşı, hərbi qarşıdurmanın dayandırıldığı andan etibarən Hörmüz boğazında sərbəst gəmiçiliyin bərpası nəzərdə tutulur.
“Reuters” paralel olaraq ABŞ Prezidenti Trampın bəyanatını yayıb. O bildirib ki, İrandan “yüzfaizlik müsbət cavab” gözləyir. Bununla yanaşı, Tramp iranlı diplomatları “ağıllı və yüksək savadlı” adlandırıb. Lakin Tramp vəziyyəti elə təqdim edib ki, söhbət vasitəçi ölkələrin deyil, ABŞ-nin İrana etdiyi yeni təklifdən gedir.
Məlum olduğu kimi, Tramp İrana “mövqe müəyyənləşdirmək üçün” üç günlük deadline vermişdi və həmin müddət artıq başa çatıb. Mətbuatda ABŞ Senatında Trampın müharibə aparmaq səlahiyyətlərini məhdudlaşdıran qətnamə layihəsinin dövriyyəyə buraxıldığı barədə məlumat yayılıb və ona bir qrup respublikaçı senator da qoşulub.
Göründüyü kimi, İranın mövqeyinə bu amil də təsir edir. Lakin ehtimal olunur ki, Tehranda Rusiya və Çin liderlərinin ABŞ-nin İrana mümkün hücumunu “qanunsuz” qiymətləndirməsi də mühüm hesab olunub. Bu kontekstdə Pakistanın müdafiə naziri Asifin “ABŞ-İran müharibəsinin yenidən başlanmayacağı” barədə fikri də əhəmiyyətli sayıla bilər.
Həmin gün ABŞ və Türkiyə prezidentləri də Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Böyük ehtimalla İsrail Baş nazirinin narazılığı İran məsələsində Türkiyənin artıq fəal şəkildə prosesə qoşulması və bu fonda Türkiyə-ABŞ yaxınlaşmasının mümkünlüyü ilə bağlıdır.
Asif Cəfərov
Ordu.az