Ordu.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Ramil Cahangirov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil edilən "Şəhərsalmanın Yenidən Qurulması: Azərbaycanda şəhər transformasiyası üçün innovasiya laboratoriyasını necə yaratdı" mövzulu sessiyada çıxışında bildirib.
Onun sözlərinə görə, baş planların hazırlanması istiqamətində "Chapman Taylor" ilə əməkdaşlıq edilib:
"Şuşa və Cəbrayıl şəhərləri üzrə işlər birgə həyata keçirildi. Zəngilan, Qubadlı və Kəlbəcər şəhərləri üzrə isə "SAI Partners" ilə çalışdıq. Bu prosesdə əsas məqsəd tamamilə dağıdılmış əraziləri yenidən planlaşdırmaq və şəhərləri düzgün inkişaf modeli əsasında qurmaq idi. Bu yanaşma yalnız şəhərlərə deyil, digər yaşayış məntəqələrinə də aiddir. Eyni zamanda, planlaşdırma ilə yanaşı, şəhərlərin gələcək inkişaf istiqamətləri və əsas prinsipləri də müəyyənləşdirilirdi.
Zəngəzur bölgəsinin Zəngilan, Qubadlı və Kəlbəcər şəhərlərinin hər biri fərqli memarlıq üslubunda layihələndirilib. Lakin bütün hallarda həmin üslublar şəhərlərin ümumi görüntüsünə və təbii mühitinə uyğunlaşdırılıb. Məsələn, Kəlbəcər şəhəri üçün "SAI Partners" ilə birlikdə "Alp" üslubu seçildi. Sovet dövründə şəhərdə belə bir memarlıq yanaşması olmasa da, bu üslubun dağlıq relyefə və ətraf landşafta uyğun gəldiyi görünür. Zəngilanda da artıq yeni yaşayış məhəllələri ilə bağlı layihələr həyata keçirilir. Bu layihələrin əsas məqsədi illər əvvəl doğma torpaqlarından məcburi köçkün düşmüş insanların geri dönüşünü təmin etməkdir. Ona görə də şəhərlər təhlükəsiz, rahat və yaşayış üçün əlverişli formada qurulur. Bütün şəhərsalma standartları da məhz bu məqsədə xidmət edir. Hazırda şəhərlərdə “15 dəqiqəlik şəhər” modeli və “yaşıl şəhər” yanaşması tətbiq olunur. Bir çox ərazilərdə ilk yaşayış məhəllələri, məktəblər və uşaq bağçaları artıq tikilib və ya inşa mərhələsindədir".
Ordu.az