Ermənistan KİV-i: Volodin Kremlin ümumi “yem masası”ndan qidalanır

2026/05/1779174691.jpg
Oxunub: 426     11:06     19 May 2026    
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin mayın 15-də Ermənistandakı daxili siyasi vəziyyəti “Maydanöncəsi Ukrayna” ilə müqayisə edib.

Ordu.az xəbər verir ki, Ermənistanın “1in.am” nəşri bu barədə dərc etdiyi məqalədə rusiyalı jurnalist Sergey Kanevin “Facebook” paylaşımına istinad edib.

Məqalədə bildirilir ki, 2014-cü ildə Rusiya Federal Təhlükəsizlik Xidməti Vladimir Putinin administrasiya rəhbərinin müavini olmuş Volodin barədə araşdırmaya başlayıb.

Qeyd olunur ki, 2016-cı ildə Federal Təhlükəsizlik Xidməti Volodinlə bağlı əldə etdiyi kompromatları “Rosneft” rəhbəri İqor Seçinə təqdim edib.

Müəllifin sözlərinə görə, Federal Təhlükəsizlik Xidmətinin altıncı idarəsinin əməkdaşı Oleq Platov ona bildirib ki, həmin sənədlər Rusiya Prezidenti Vladimir Putinə də təqdim olunub.

“Əmr verilsə, dərhal həbs olunacaq”, - deyə Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı bildirib.

“Lakin Volodini həbs etmək əvəzinə onu Dövlət Dumasına göndəriblər və o, özü ilə birlikdə Kremlə bağlı şəxsləri də parlamentə aparıb.

Sergey Kanev yazıb ki, Volodin çox yaxşı bilir onunla bağlı kompromat qovluğu Putinin “yanmaz seyfində” saxlanılır və məhz buna görə də o, daim Putini tərifləyir. Volodinin illik rəsmi maaşı təxminən 80 milyon rubl olsa da, o, hər il “Rosselxozbank”dakı şəxsi hesabına böyük məbləğlər köçürür.

Dövlət Dumasının sədri 2023-cü ildə illik 7,5 faiz gəlirlə 934 milyon 270 min 758 rubl, növbəti ildə isə 16 faiz gəlirlə 416 milyon 316 min 912 rubl depozit yerləşdirib. Federal Təhlükəsizlik Xidməti tərəfindən korrupsiya ilə əlaqələndirilən yüksək vəzifəli şəxsin Putinin xəbəri olmadan belə “kölgə gəlirləri” əldə etməsi mümkün deyil. Volodin Kremlin ümumi “yem masası”ndan qidalanır”, - deyə müəllif bildirib.

Məqalədə həmçinin vurğulanır ki, Volodinin Ermənistanda “ənənəvi dəyərlərin qorunması” barədə danışması idarəetmədə korrupsioner-oliqarxik sistemin bərpasına çağırış kimi görünür.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   Volodin  


Bizi "telegram"da izləyin