“Past”: Ermənistan və Azərbaycan arasında delimitasiya sənədlərinin təlimatları müzakirəyə çıxarılıb

2026/05/1779170199.jpg
Oxunub: 508     09:59     19 May 2026    
Ermənistan Ədliyyə Nazirliyi Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası ilə bağlı sənədlərin hazırlanması və nəşri qaydalarına dair təlimat layihəsini ictimai müzakirəyə təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşrə görə, layihə “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası sənədlərinin hazırlanması və nəşri qaydası haqqında, dövlət sərhədinin delimitasiya xəritəsinin hazırlanması qaydası haqqında, dövlət sərhədinin delimitasiyası zamanı ekspert qruplarının fəaliyyət qaydası haqqında təlimatların təsdiq edilməsi barədə” sənədi əhatə edir.

Qəzet qeyd edir ki, Ermənistan Baş nazirinin 2022-ci il mayın 24-də imzaladığı 570A nömrəli qərarla Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın fərdi tərkibi təsdiqlənib.

“Komissiyanın məqsədinin Ermənistan və Azərbaycan arasında delimitasiya və demarkasiya proseslərinin təmin edilməsi, həmçinin sərhəd təhlükəsizliyi məsələlərinin həlli olduğu bildirilir.

Məlumata əsasən, 2024-cü il avqustun 30-da Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyasını həyata keçirmək məqsədilə iki ölkənin müvafiq komissiyalarının birgə fəaliyyəti haqqında əsasnamə imzalanıb.

Əsasnaməyə uyğun olaraq, komissiyaların normal birgə fəaliyyətini təmin etmək üçün sahəvi işlərin icrası üzrə təlimatların qəbul edilməsi nəzərdə tutulur”, - deyə nəşr bildirib.

Müəllif qeyd edib ki, layihə ilə Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası sənədlərinin hazırlanması və nəşri qaydasına dair təlimatın, delimitasiya xəritəsinin hazırlanması qaydasına dair təlimatın, eləcə də ekspert qruplarının fəaliyyət qaydasına dair təlimatın hökumət qərarı ilə təsdiqlənməsi təklif olunur.

“Nazirliyin fikrincə, layihənin qəbul olunması komissiyaların fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsi baxımından mühüm addım olacaq.

Bildirilir ki, təlimatların qəbulundan sonra iki ölkənin delimitasiya komissiyaları birgə fəaliyyətlərini razılaşdırılmış prosedur əsasında davam etdirə və delimitasiya prosesində sahəvi işlərin aparılması üsullarını müəyyən edə biləcəklər.

Layihənin qəbulunun dövlət büdcəsinin gəlir və xərclərində dəyişiklik yaratmayacağı qeyd olunur”, - deyə müəllif vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin