Ordu.az xəbər verir ki, uzun illər istifadə olunan A-4AR/OA-4AR “Fightinghawk” döyüş təyyarələri xidmətdən çıxarılıb və ölkənin hava döyüş qabiliyyətində yeni dövrün əsasını F-16M parkı təşkil edəcək.
Bu qərar yalnız bir döyüş təyyarəsi platformasının təqaüdə göndərilməsi deyil, həm də Argentinanın hava müdafiə doktrinasında köklü dəyişikliklərin başlanğıcı kimi qiymətləndirilir.
Argentinada A-4 “Skyhawk” ailəsinin tarixi 1966-cı ildə ilk “Douglas” A-4B döyüş təyyarələrinin inventara daxil olması ilə başlayıb.
Daha sonra A-4C variantları ilə genişlənən donanma 1990-cı illərin sonlarında modernizasiya edilən A-4AR “Fightinghawk” platformaları ilə yeni mərhələyə keçib.
ABŞ-dən alınan A-4M gövdələri əsasında “Lockheed Martin” tərəfindən həyata keçirilən modernizasiya proqramı çərçivəsində Argentinaya ümumilikdə 32 ədəd A-4AR və 4 ədəd OA-4AR təhvil verilib.
İlk təyyarələr 1997-ci ilin dekabrında xidmətə qəbul olunub.
Argentina Hərbi Hava Qüvvələrinin əsas zərbə və qarşılayıcı platforması olan A-4AR-lar son illərdə ciddi əməliyyat problemləri ilə üzləşib.
Struktur aşınması, ehtiyat hissələrinin çatışmazlığı, texniki xidmət xərcləri və büdcə məhdudiyyətləri səbəbindən donanmanın əməliyyat hazırlığı səviyyəsi tədricən aşağı düşüb.
2024-cü ilin iyulunda “Villa Reynolds” bazasında gecə təlim uçuşu zamanı baş verən ölümcül qəza vəziyyəti daha da kritikləşdirib.
Kapitan Mauro Testa la Rosanın idarə etdiyi A-4AR “Fightinghawk”ın uçuş zolağı yaxınlığında qəzaya uğraması nəticəsində pilot həyatını itirib. Hadisədən sonra A-4AR donanması bir daha uçuş həyata keçirməyib.
Argentina Hərbi Hava Qüvvələri sistemin xidmətdən çıxarılmasının əməliyyat səmərəliliyi, iqtisadi davamlılıq və resursların uzunmüddətli modernizasiya proqramlarına yönləndirilməsi məqsədilə həyata keçirildiyini açıqlayıb.
A-4AR “Fightinghawk” parkının xidmətdən çıxarılması ilə Argentina müəyyən müddət ərzində tam əməliyyat qabiliyyətli səsdən sürətli döyüş təyyarəsi imkanından məhrum olacaq.
Argentina hava müdafiə imkanlarının yenidən qurulmasını Danimarkadan alınan F-16M döyüş təyyarələri üzərində formalaşdırır.
Ümumilikdə 24 təyyarədən ibarət olması planlaşdırılan parkın indiyədək 6 təyyarəsi Argentinaya çatdırılıb.
Yeni platformanın tam əməliyyat qabiliyyətinə çatmasının illər çəkə biləcəyi qeyd olunur.
Bildirilir ki, keçid prosesi infrastrukturun modernizasiyası, texniki xidmət təşkilatı, texniki hazırlıq və yeni əməliyyat doktrinalarının formalaşdırılması kimi genişmiqyaslı dəyişiklikləri əhatə edir.
Sevinc Əliyeva
Ordu.az