Ordu.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi və Baş Qərargahın koordinasiyası ilə keçirilən EFES 2026 dost və müttəfiq ölkələrin iştirakı ilə çoxmillətli koordinasiya mərkəzi funksiyasını yerinə yetirir.
Təlim yalnız hərbi hazırlıq meydanı deyil, həm də Türkiyənin yerli və milli imkanlarla hazırladığı müdafiə qabiliyyətlərinin beynəlxalq ictimaiyyətə təqdim olunduğu strateji platforma hesab edilir.
“SYS Qrup” müasir müharibənin rəqəmsallaşan və assimetrik xarakterinə uyğun hazırladığı mobil və yüksək atəş gücünə malik sistemlərlə bu platformada fərqlənməyi hədəfləyir.
Qrupun şirkətlərindən olan UNIROBOTICS xüsusilə müasir dövrün ən kritik təhdidlərindən biri hesab olunan pilotsuz uçuş aparatı hücumlarına qarşı hazırladığı “Paylanmış Mobil Təbəqəli Antidron Həlli” ilə diqqət çəkir.
Mərkəzsiz struktura malik olan bu arxitektura TRAKON RCWS sistemləri, “CANiK” ağır pulemyot ailəsi və VENOM LR orta çaplı top sistemi ilə tam inteqrasiya şəklində fəaliyyət göstərərək müxtəlif yüksəklik və məsafələrdə effektiv nişanalma qabiliyyəti təmin edir.
Hava platformaları üçün optimallaşdırılmış yeni nəsil 12.7x99 mm “CANiK” M3 FALCON ağır pulemyotu dəqiqədə 1200 atəş sürətinə çatan performansı ilə EFES 2026-nın diqqətçəkən texnologiyalarından biri olacaq.
Yüksək atəş sürəti, aşağı texniki xidmət ehtiyacı və yüksək əməliyyat etibarlılığı ilə M3 FALCON müasir hava təhdidlərinə qarşı effektiv həllərdən biri hesab olunur.
Beynəlxalq müdafiə bazarında böyük maraq doğuran TRAKON 30 Uzaqdan İdarəolunan Silah Sistemi 30x113 mm VENOM LR orta çaplı top sistemi ilə birləşərək yüngül zirehli platformalardan dəniz platformalarınadək geniş spektrdə yüksək atəş gücü təqdim edir.
Aşağı geri təpmə üstünlüyü sayəsində modernizasiya layihələrinin vacib elementinə çevrilən sistem təlim zamanı hərbi birliklərə və qərarvericilərə təqdim olunacaq.
Türkiyənin amfibiya əməliyyat qabiliyyətinin simvolu olan ZAHA platformasına silah sistemlərinin inteqrasiyası da “SYS Qrup”un əməliyyat həlli imkanlarını nümayiş etdirəcək.
“SYS Qrup”-“CANiK”in baş direktoru Cahit Utku Aral bildirib ki, EFES təlimi Türkiyənin müdafiə sənayesində mühəndislik, istehsal və inteqrasiya imkanlarını beynəlxalq səviyyədə nümayiş etdirən mühüm platformadır.
“CANiK” və UNIROBOTICS başda olmaqla dəyişən döyüş meydanı ehtiyaclarını düzgün təhlil edən, sürətlə uyğunlaşan və inteqrasiya olunmuş həllər hazırlayan struktur qururuq. İxrac yönümlü böyümə strategiyamız çərçivəsində sürətli təhvil, etibarlı təchizat zənciri və döyüşdə sınaqdan keçmiş sistemlərimizlə qlobal bazardakı təsirimizi artırmağa davam edəcəyik”, - deyə Aral vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az