“ASPİLSAN Enerji” EFES 2026 təlimində yeni enerji həllərini nümayiş etdirəcək

2026/05/Ekran-1778862428.jpg
Oxunub: 616     20:14     15 May 2026    
Türkiyə Silahlı Qüvvələrini Gücləndirmə Vəqfinin tərkibində fəaliyyət göstərən “ASPİLSAN Enerji” şirkəti 2026-cı il mayın 16-21-də İzmirin Seferihisar bölgəsində keçiriləcək EFES 2026 təliminə qatılacaq.

Ordu.az xəbər verir ki, şirkət müasir döyüş meydanında fasiləsiz əməliyyat icrasını təmin edən yeni nəsil enerji həllərini nümayiş etdirəcək.

“ASPİLSAN Enerji”nin baş direktoru professor doktor Ahmet Turan Özdemir bildirib ki, müasir əməliyyat mühitində enerji artıq sadəcə dəstək elementi deyil, birbaşa əməliyyat gücünü müəyyən edən amildir.

“EFES 2026-da nümayiş etdirəcəyimiz həllər ən çətin sahə şəraitində fasiləsiz fəaliyyət üçün hazırlanıb. Yerli batareya texnologiyamız və sistem inteqrasiya imkanlarımızla sahədə enerji ehtiyacını etibarlı və davamlı şəkildə qarşılayırıq”, - deyə o qeyd edib.

Təlim çərçivəsində “ASPİLSAN Enerji”nin stendində 1200, 1500, 3000 və 6000 vatt/saatlıq daşına bilən enerji sistemləri, rabitə sistemləri üçün yüksək enerji sıxlıqlı litium-ion batareya həlləri, taktiki sahədə sürətlə yerləşdirilə bilən modul enerji saxlama sistemləri, sualtı qayıq, dəniz, quru, hava və kosmik platformalar üçün litium və nikel-kadmium əsaslı kritik tapşırıq batareyaları nümayiş etdiriləcək.

Bundan əlavə, torpedolar, insansız sualtı platformaları, kamikadze pilotsuz uçuş aparatları və insansız dəniz platformaları üçün hazırlanmış batareya həlləri də sərgilənəcək.

Şirkət bildirib ki, bu sistemlər sərhəd əməliyyatlarından mobil birliklərə, rabitə infrastrukturundan insansız sistemlərə qədər geniş istifadə sahələrində enerji davamlılığını təmin edərək müasir əməliyyat meydanının kritik ehtiyaclarına cavab verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASPİLSAN   Türkiyə   EFES   2026  


Bizi "telegram"da izləyin