“BAE Systems” yeni nəsil artilleriya sistemini təqdim edib

2026/05/1778843776.jpg
Oxunub: 464     15:19     15 May 2026    
“BAE Systems” ilk dəfə ictimaiyyətə “Multi-Domain Artillery Cannon System” (MDACS) adlı yeni platformasını göstərib.

Ordu.az xəbər verir ki, ABŞ Quru Qoşunları üçün hazırlanan sistemin artilleriya konsepsiyasından istifadə edərək pilotsuz uçuş aparatlarını, qanadlı raketləri və digər hava təhdidlərini məhv etməyi hədəflədiyi bildirilib.

Şirkətin yayımladığı görüntülər MDACS-in ənənəvi artilleriya sistemlərindən açıq şəkildə fərqləndiyini, qeyri-adi dizayna malik olduğunu ortaya qoyub. Quru hədəfləri üçün hazırlanmış klassik haubitsalardan fərqli olaraq MDACS-in yuxarı istiqamətli nişanalma qabiliyyəti ilə hava hədəflərinə qarşı optimallaşdırıldığı görünür.

“BAE Systems” açıqlamasında sistemi “hava ilə daşına bilən, hipersürətli mərmilərlə təchiz edilmiş və ehtiyac duyulan hər yerdə sürətli, yüksək atəş gücü təqdim edən bir platforma” kimi xarakterizə edib.

Hipersürətli sursat mərkəzli hava hücumundan müdafiə yanaşması

MDACS proqramı ABŞ Quru Qoşunlarında pilotsuz uçuş aparatları və qanadlı raketlərin geniş yayılması ilə sürət qazanan hava hücumundan müdafiə modernləşməsi prosesinin bir hissəsi kimi hazırlanır.

Ukrayna müharibəsində sabit və yarı sabit elementlərin hava təhdidlərinə qarşı nə qədər həssas olduğu aydın şəkildə üzə çıxdığından, bu sahədə doktrinal dönüşüm də sürətlənib. Logistika mərkəzlərinin, komanda məntəqələrinin və artilleriya batareyalarının pilotsuz uçuş aparatı və raket hücumlarına qarşı müdafiəsiz qalması çoxtəbəqəli hava hücumundan müdafiə ehtiyacını daha da vacib edib.

Sistemin mərkəzində yer alan “Hypervelocity Projectile” (HVP) sursatları ABŞ Ordusu və Donanması tərəfindən hazırlanmış, Mach 3-dən yüksək sürətə çata bilən artilleriya atımlı kinetik məhv mərmiləri kimi ön plana çıxır. Bu sursatlar yüksək sürətləri sayəsində hədəfi partlayıcı ilə deyil, birbaşa kinetik zərbə ilə məhv etməyi hədəfləyir.

Bu xüsusiyyət xüsusilə sürətlə hərəkət edən qanadlı raketlər və sürü halında yaxınlaşan pilotsuz uçuş aparatı təhdidlərinə qarşı nişanalma müddətini ciddi şəkildə azaldır.

Artilleriya əsaslı hava hücumundan müdafiəyə dönüş

ABŞ ordusu daha əvvəl HVP sursatlarını mövcud haubitsalar vasitəsilə sınaqdan keçirsə də, MDACS bu sursat üçün xüsusi olaraq optimallaşdırılmış hava hücumundan müdafiə platforması kimi önə çıxır.

Proqram təsvirinə görə sistem sabit və yarı sabit obyektləri pilotsuz uçuş aparatları, qanadlı raketlər və potensial olaraq daha böyük hava hədəflərinə qarşı qorumaq üçün hazırlanıb. Bu çərçivə aşağı xərcli kommersiya dronlarından milyonlarla dollar dəyərində olan qanadlı raketlərə qədər geniş təhdid spektrini əhatə edir.

Bu yanaşma sistemin həm xərc-effektivlik, həm də atəş sıxlığı baxımından hava hücumundan müdafiə konsepsiyasında yeni ara qat yaratmaq iddiasını ortaya qoyur.

“BAE Systems”in yayımladığı görüntülərin təkcə təqdimat deyil, həm də müdafiə sənayesində artilleriya əsaslı hava hücumundan müdafiə konsepsiyasına dönüşün institusional səviyyədə qəbul edildiyi kimi oxuna biləcəyi dəyərləndirilir.

Ukrayna cəbhəsində yaşanan təcrübələr raket əsaslı hava hücumundan müdafiə sistemlərinin yüksək xərcinə qarşı daha ucuz və yüksək həcmli həllərə ehtiyac olduğunu ön plana çıxarıb. MDACS də bu balans axtarışının yeni təzahürü kimi təqdim olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BAE-Systems   MDACS  


Bizi "telegram"da izləyin