Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Fəal MQ-9 sayının təxminən 135 platforma səviyyəsinə qədər azaldığı bildirilir, eyni zamanda Pentaqonda MQ-9-a bənzər uzun müddət havada qala bilən pilotsuz uçuş aparatlarının gələcəyi ilə bağlı müzakirələr də sürətlənib.
ABŞ Hərbi Hava Qüvvələrinin plan və proqramlardan məsul qərargah rəisi müavini general-leytenant Devid Teybor mövcud MQ-9 parkının əvvəlcədən ehtiyac kimi müəyyən edilən 189 təyyarə səviyyəsindən xeyli aşağı düşdüyünü açıqlayıb. Bununla da ABŞ Hərbi Hava Qüvvələrinin təxminən 54 platforma çatışmazlığı ilə fəaliyyət göstərdiyi üzə çıxıb.
ABŞ rəsmilərinə görə, təkcə 2026-cı ilin əvvəlində İran əməliyyatlarında azı 24 MQ-9 “Reaper” itirilib. Bundan başqa, 2025-ci ilin mart-aprel dövründə Yəməndə keçirilən əməliyyatlarda da ən azı 7 MQ-9-un vurulduğu qeyd olunur. Əlavə olaraq ABŞ ordusunun qəza, hava şəraiti və rabitə nasazlıqları səbəbindən hər il orta hesabla 4 MQ-9 itirdiyi bildirilir.
Devid Teybor itkilərə baxmayaraq, MQ-9 parkının hələ də dünyanın 56 müxtəlif döyüş cəbhəsində missiyaları dəstəkləməyə davam etdiyini söyləyib. O, ABŞ Hərbi Hava Qüvvələrinin eyni vaxtda həm mövcud parkı bərpa etməyi, həm də daha ucuz qiymətli yeni nəsil platforma hazırlamağı hədəflədiyini açıqlayıb.
Pentaqon yeni nəsil “qurban verilə bilən” pilotsuz uçuş aparatı axtarır
Pentaqon daxilində aparılan qiymətləndirmələr MQ-9 “Reaper”in intensiv təhlükə mühitlərində artıq kifayət qədər dayanıqlı olmadığı qənaətini formalaşdırır. Təxminən 30 milyon dollar dəyərində olan MQ-9-un inkişaf etmiş sensor paketli versiyalarının vahid qiymətinin 50 milyon dollara qədər yüksələ bildiyi bildirilir.
Təxminən 30 saata qədər havada qala bilən və 15 kilometr hündürlükdə fəaliyyət göstərə bilən MQ-9 “Reaper”“AGM-114 “Hellfire” raketləri ilə GBU-12 “Paveway II” və GBU-38 JDAM dəqiq idarəolunan sursatlarını daşıya bilir. Lakin platformanın əsasən aşağı təhlükəli əməliyyatlar üçün hazırlandığı, yüksək hava hücumu təhdidi altında olan sahələrdə ciddi zəifliklər göstərdiyi dəyərləndirilir.
ABŞ Hərbi Hava Qüvvələrinin hazırlamağı planlaşdırdığı yeni platformada tapşırıq profilinə uyğun fərqli sensor paketlərinin inteqrasiya oluna bildiyi modul quruluş nəzərdə tutulur. Bununla yüksək təhlükəli tapşırıqlarda platforma xərcinin azaldılması və daha çox sayda pilotsuz uçuş aparatının sahəyə çıxarılması məqsəd qoyulur.
Pentaqon aşağı xərcli, sürətlə yerləşdirilə bilən və seriyalı istehsala uyğun ISR platformaları tələb edib. Yeni sistem üçün minimum 200 kilometr tapşırıq mənzili və ən azı 4 saat havada qalma şərti irəli sürülür, istehsal gücünün isə bir neçə ay ərzində sürətlə miqyaslana bilməsi vurğulanır.
Sevinc Əliyeva
Ordu.az