AŞPA: Ermənistanda seçkilər xarici müdaxilə ilə təhlükə altına düşməməlidir

2026/05/1778670510.jpg
Oxunub: 418     15:07     13 May 2026    
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2026-cı il iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlı İrəvana səfər edən nümayəndə heyəti bəyanat yayıb.

Ordu.az xəbər verir ki, AŞPA nümayəndə heyəti seçkilərin qorxu, əsassız xarici təsir və inzibati resurslardan sui-istifadə olmadan keçirilməsinin vacibliyini vurğulayıb.

2026-cı il mayın 11-dən 12-dək İrəvanda səfərdə olan nümayəndə heyəti Ermənistanın siyasi və informasiya məkanına təsir göstərən xarici müdaxilələrin getdikcə daha mürəkkəb və sistemli xarakter aldığından narahatlığını ifadə edib.

AŞPA nümayəndə heyəti Ermənistan hakimiyyətini xarici müdaxilədən qorunmaq və bütün iştirakçılar üçün bərabər şərait yaratmaq istiqamətində səyləri artırmağa çağırıb.

Bəyanatda qeyd olunub ki, nümayəndə heyəti xarici müdaxilənin artıq ənənəvi dezinformasiya sərhədlərini aşaraq qanunsuz siyasi maliyyələşdirmə, kiberhücumlar, iqtisadi təzyiq və seçki prosesini manipulyasiya etməyə yönəlmiş birbaşa cəhdləri də əhatə etdiyini eşidib.

“Bu hibrid taktika yalnız ictimai rəyə təsir göstərməyi deyil, həm də Ermənistan üzərində uzunmüddətli geosiyasi təsir rıçaqları yaratmağı hədəfləyir”, - deyə bəyanatda bildirilib.

Nümayəndə heyətinə Rusiya Prezidentinin Ermənistanın baş nazirinə Rusiyadan gələn erməni diaspor nümayəndələrinin səsverməsini asanlaşdırmaqla bağlı birbaşa müraciətləri və əsas müxalifət partiyası tərəfindən həmin diaspor nümayəndələrinin Ermənistana gəlib seçki günü səs verməsi üçün maliyyə təşviqləri göstərilməsi barədə məlumat verildiyi qeyd olunub.

Sənəddə vurğulanıb ki, bu cür müdaxilə davamlı və dəyişən xarakter daşıyan təhlükədir və seçki dövründən daha uzağa uzanır.

“Nümayəndə heyəti bəzi Qərb tərəfdaşları tərəfindən hakim partiyaya verilən bəyanat xarakterli dəstəyi də qeyd edib”, - deyə bəyanatda bildirilib.

AŞPA nümayəndə heyəti Ermənistanın yersiz təsirlərə qarşı hüquqi və tənzimləyici mexanizmlərini müsbət qiymətləndirib.

“Nümayəndə heyəti hesab edir ki, institusional imkanların təcili şəkildə gücləndirilməsi, qurumlararası koordinasiyanın yaxşılaşdırılması və siyasi maliyyələşmənin şəffaflığının artırılması vacibdir”, - deyə bəyanatda qeyd olunub.

Nümayəndə heyəti həmçinin insan hüquqları müdafiəçilərinə, jurnalistlərə və vətəndaş cəmiyyəti təşkilatlarına qarşı dezinformasiyanın gücləndirilməsi ilə bağlı narahatlığını ifadə edib.

“Xarici agent” ittihamları kimi narrativlərin ictimai etimadı sarsıtdığı və vətəndaş məkanını məhdudlaşdırdığı vurğulanıb.

Bəyanatda nümayəndə heyətinin koordinasiyalı saxta fəaliyyətlər və manipulyativ sosial şəbəkə məzmunları ilə bağlı məlumatlar eşitdiyi, texnologiya şirkətlərinin bu kampaniyalara qarşı daha sərt tədbirlər görəcəyinə ümid etdiyi qeyd olunub.

AŞPA nümayəndə heyəti vətəndaş cəmiyyəti, jurnalistlər və seçki müşahidəçilərinə qarşı yönəlmiş hüquqi təzyiqlərdən, o cümlədən ictimai iştirakçılığa qarşı məhkəmə iddialarından da narahat olduğunu bildirib.

“Bu taktika söz azadlığını zəiflədə və demokratik iştirakçılığı məhdudlaşdıra bilər. Nümayəndə heyəti vurğulayıb ki, canlı və müstəqil vətəndaş cəmiyyəti demokratik seçkilər üçün həyati əhəmiyyət daşıyır və təhdidlərdən qorunmalıdır”, - deyə sənəddə qeyd olunub.

AŞPA nümayəndə heyətinin narahatlıq doğuran digər məsələləri artan siyasi qütbləşmə, dövlət institutlarına ictimai etimadın aşağı olması və xüsusilə gənc nəsildə siyasətə marağın zəifliyi olub.

“Nümayəndə heyəti sərt seçki kampaniyası ritorikası, inzibati resurslardan sui-istifadə, seçicilərə təzyiq, tənzimlənməyən üçüncü tərəf kampaniyaları və bəzən xeyriyyəçilik adı altında həyata keçirilən seçki rüşvəti ilə bağlı ittihamlar eşidib. Erməni Apostol Kilsəsinin siyasətə misli görünməmiş müdaxiləsi də nümayəndə heyəti tərəfindən qeyd olunub”, - deyə bəyanatda bildirilib.

AŞPA nümayəndələri vurğulayıblar ki, seçki kampaniyalarının maliyyələşməsində şəffaflıq və hesabatlılıq xüsusilə son qanunvericilik dəyişiklikləri fonunda əsas məsələ olaraq qalır.

Onların fikrincə, seçki bütövlüyünün qorunması milli hakimiyyət orqanları, vətəndaş cəmiyyəti və beynəlxalq tərəfdaşlar arasında əməkdaşlıq, həmçinin rəqəmsal platformaların məsuliyyətli davranışını tələb edir.

Bəyanatda həmçinin məhkəmə sistemində ikili standartlarla bağlı ittihamların səsləndiyi, müxalifət nümayəndələrinin çox sayda siyasətçi və din xadiminin istintaq altında və ya ev dustaqlığında olmasından şikayət etdiyi vurğulanıb.

Səfər çərçivəsində nümayəndə heyətinin parlament sədrinin müavini, AŞPA-da Ermənistan nümayəndə heyətinin üzvləri, parlament və parlamentdənkənar partiyaların rəhbərləri, ədliyyə nazirinin müavini, korrupsiyaya qarşı mübarizə komissiyasının sədri, informasiya sistemləri agentliyinin rəhbəri, Mərkəzi Seçki Komissiyasının sədri və üzvləri, ATƏT DTİHB missiyasının rəhbərliyi, İrəvandakı diplomatik korpus nümayəndələri, media və vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüş keçirdiyi bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AŞPA   Ermənistan  


Bizi "telegram"da izləyin