ABŞ biznesi İrana qarşı müharibə səbəbindən artan zərərlərlə üzləşir

2026/05/1778611417.jpg
Oxunub: 372     22:34     12 May 2026    
Amerika şirkətlərinin xərcləri ABŞ və İsrailin İrana qarşı müharibəsi fonunda sürətlə artır. Bir çox iqtisadçı yaxın aylarda işçi qüvvəsinin cəlbi və investisiya tempinin azalacağını proqnozlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Milli Biznes İqtisadiyyatı Assosiasiyasının (NABE) bazar ertəsi dərc etdiyi hesabata əsasən, sorğuda iştirak edən mütəxəssislərin demək olar ki, yarısı münaqişənin şirkətlərinin fəaliyyətinə mənfi təsir göstərdiyini təsdiqləyib.

Sorğu nəticələrinə görə, iştirakçıların 54 faizi enerji daşıyıcılarının qiymət artımının təsirlərini hiss edib.

66 faizdən çoxu son üç ayda material xərclərinin kəskin artdığını bildirib. Bu göstərici 2022-ci ilin iyulundan bəri ən yüksək səviyyə hesab olunur.

Şirkətlərin 48 faizi artıq artan xərclərin bir hissəsini son istehlakçılara ötürür.

2026-cı il fevralın 28-də ABŞ və İsrailin hücumları ilə başlayan müharibə qlobal enerji böhranına səbəb olub. Vaşinqton və Tehran arasında Hörmüz boğazında davam edən qarşıdurma səbəbindən xam neftin qiyməti yüksəlməkdə davam edir və bu, bütün dünyada şirkətlərə və ev təsərrüfatlarına mənfi təsir göstərir.

Yanacaq qiymətləri ilə yanaşı, biznes nəqliyyat xərclərinin artması və gübrələr də daxil olmaqla zəruri malların təchizatında yaranan problemlərlə üzləşir.

Hazırkı satışlar sabit qalsa və Uoll-strit texnologiya və neft sektorlarında yüksək mənfəət qeydə alsa da, biznesin gələcəyə inamı azalır.

Sorğuda iştirak edənlərin yalnız 13 faizi yaxın gələcəkdə mənfəət artımı gözləyir. Bu isə 2023-cü ildən bəri ən aşağı göstəricidir.

İştirakçıların 16 faizi qarşıdakı altı ay ərzində qiymətləri artırmağı planlaşdırır və heç bir şirkət qiymətləri azaltmaq niyyətində deyil.

Sorğuda iştirak edənlərin təxminən dörddə biri qarşıdakı altı ayda investisiya və işə qəbul həcmini azaltmağı planlaşdırır.

“Son üç ayda satışlar sabit idi, lakin materialların dəyəri artıb və mənfəət marjası azalıb”, - deyə NABE sorğular komitəsinin sədri Marta Mur bildirib.

Onun sözlərinə görə, biznes gözləntiləri bütün əsas göstəricilər üzrə “yumşalıb”.

NABE məlumatlarına görə, resessiya ilə bağlı narahatlıqlar güclənir. Sorğuda iştirak edən iqtisadçıların 50 faizi növbəti il ərzində ABŞ iqtisadiyyatının geriləmə ehtimalını “25 faizdən yüksək” qiymətləndirir. Yanvarda bu göstərici 44 faiz idi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Biznes  


Bizi "telegram"da izləyin