Müdafiə Qabaqcıl Tədqiqat Layihələri Agentliyi (DARPA) bu yaxınlarda açıqlayıb ki, XRQ-73 pilotsuz uçuş aparatı aprel ayında Kaliforniyadakı “Edvards” Hərbi Hava Qüvvələri bazasında ilk uçuşunu uğurla başa vurub. SHEPARD (Series Hybrid Electric Propulsion AiRcraft Demonstration) proqramının bir hissəsi olan XRQ-73 hibrid-elektrik mühərrik arxitekturasını təsdiqləyir.
XRQ-73 pilotsuz uçuş aparatına giriş
XRQ-73 aviasiya istehsalçısı “Northrop Grumman” və onun törəmə şirkəti olan “Scaled Composites” tərəfindən hazırlanmış “uçan qanad” tipli pilotsuz uçuş aparatıdır. Onun detalları barədə çox az məlumat məlum olsa da, ABŞ arsenalındakı pilotsuz uçuş aparatlarının ən böyük və ən bahalı təsnifatı hesab olunan “Group 3” sinfinə aid edilir. Dizaynla bağlı bəzi ipucları 300-400 funt çəkiyə və 30 fut qanad açılımına malik XRQ-72A-dan əldə oluna bilər. Bununla belə, XRQ-73 daha böyük və daha qabiliyyətli platformadır və hibrid pilotsuz uçuş aparatı konsepsiyalarının inkişafında təbii növbəti mərhələ hesab olunur.
DARPA layihəsinin tələblərinə uyğun olaraq, XRQ-73-ün ən fərqləndirici xüsusiyyəti yanacaq əsaslı enerji ilə elektrik mühərrikini birləşdirən hibrid-elektrik mühərrik sistemidir. Əksər pilotsuz uçuş aparatları ya tam yanacaqla, ya da tam elektriklə işləyir. Ən böyük pilotsuz uçuş aparatları (məsələn, MQ-9 “Reaper”) qaz turbini ilə işləyir, kiçik birtərəfli hücum pilotsuz uçuş aparatları isə adətən batareyalarla təchiz olunur. Bu mühərrik sisteminin üstünlükləri arasında daha yüksək yanacaq səmərəliliyi, emissiyaların azaldılması və daha səssiz fəaliyyət yer alır. Döyüş meydanı sensorlarla dolduqca, XRQ-73-ün daha aşağı akustik izi və azaldılmış infraqırmızı izi onun aşkarlanma ehtimalını azaltmalı olan mühüm üstünlüklər sayılır. Digər mühərrik növləri qədər güclü və sürətli olmasa da, elektrik-hibrid mühərrik uzunmüddətli fəaliyyət və gizlilik təmin edir.
XRQ-73-ün dizaynı haqqında bildiklərimiz
İstifadəyə verildiyi il: hələ istifadəyə verilməyib (sınaq mərhələsindədir)
İstehsal sayı: məlum deyil
Uzunluğu: məlum deyil
Qanad açılımı: məlum deyil
Çəkisi: 1250 funt (567 kiloqram)
Mühərrikləri: hibrid-elektrik mühərrik sistemi (qaz turbini + elektrik mühərrikləri)
Maksimum sürət: təxminən 250 düyün (saatda 288 mil, saatda 463 kilometr)
Uçuş məsafəsi: məlum deyil
Praktiki uçuş hündürlüyü: 18 000 fut (5490 metr)
Silah yükü: məlum olmayan tutum; modul yük sistemi
Ekipaj: 0 nəfər (pilotsuz)
XRQ-73-ün dizaynı hələ inkişaf mərhələsində olan layihə təsiri bağışlayır. 2024-cü ildən bəri platformada bir sıra dəyişikliklər və yeni əlavələr edilib. Ən diqqətçəkən dəyişiklik qanadların üst hissəsinə iki şaquli stabilizatorun əlavə olunmasıdır. Onlar qanad uclarında deyil, bir qədər daxili hissədə yerləşdirilib. Bu elementlər sınaq prosesinin bir hissəsi kimi müvəqqəti ola bilər, lakin onlar struktur baxımından açıq dəyişiklik deməkdir. Təyyarədə həmçinin əlavə üst köməkçi hava girişi, yeni bıçaqvari antenalar və burun hissəsində yerləşdirilmiş örtük daxilində önə baxan kamera quraşdırılıb. Elektronikanın soyudulmasına və hava axınının idarə olunmasına kömək etmək məqsədilə “burun dəliyi” tipli hava girişləri də əlavə olunub. Gövdənin alt hissəsində isə böyük çoxüzlü örtük, ehtimal ki, sensor avadanlıqlarını yerləşdirmək üçün nəzərdə tutulmuş modul əsas element olaraq qalır. Ümumilikdə platforma sınaqlar vasitəsilə inkişaf etməyə davam edir və yekun dizayndan hələ uzaqdır.
ABŞ XRQ-73-dən necə istifadə edəcək?
Əgər platforma inkişaf mərhələsindən çıxaraq istifadəyə verilərsə, RQ təyinatı onun missiyası və rolu barədə müəyyən məlumat verir. Bu pilotsuz uçuş aparatı təyinatı adətən pilotsuz platformanın (“Q” pilotsuz təyyarəni ifadə edir) kəşfiyyat (R) məqsədli olduğunu göstərir. Buna görə də platformanın əsas rolunun MQ (“M” - “Multipurpose”, yəni çoxməqsədli) sinfinə məxsus “Reaper” və MQ-1 “Predator” kimi pilotsuz uçuş aparatlarında olduğu kimi birbaşa hərbi fəaliyyət deyil, daha çox RQ-4 “Global Hawk” nümunəsində olduğu kimi kəşfiyyat, müşahidə və nəzarət (ISR) missiyaları olacağı gözlənilir.
Bununla belə, gələcəkdə XRQ-73-ün rolunun genişləndirilməsi mümkündür. Modul yük sistemləri sayəsində pilotsuz uçuş aparatı gələcəkdə zərbə missiyalarında da istifadə oluna bilər. Platforma uzunmüddətli fəaliyyət və aşağı radara görünmə təklif etdiyi üçün xüsusilə digər platformaların fəaliyyət göstərə və ya sağ qala bilməyəcəyi, pilotlu platformalar üçün riskin çox yüksək olduğu mübahisəli əməliyyat mühitlərində onun tətbiq sahələrinin geniş olacağı ehtimal edilir.
Lakin proqramın gələcəyi qeyri-müəyyən olaraq qalır. 2027-ci maliyyə ili büdcəsində pilotsuz uçuş aparatı üçün açıq maliyyələşdirmə xətti görünmür. Buna görə proqram diqqətəlayiq irəliləyiş göstərsə də, gələcək istiqaməti naməlumdur. Həmçinin ilk uçuş yalnız indi, ilkin planlaşdırılmış 2024-cü ilin son tarixindən xeyli sonra həyata keçirilib. Buna baxmayaraq, proqramın gələcəyi ilə bağlı qeyri-müəyyənliyə rəğmən, ilk uçuş hibrid-elektrik mühərrik sistemini təsdiqləyib. Bu sahə pilotsuz uçuş aparatları dünyasında getdikcə daha çox maraq doğurur. XRQ-73-ün taleyindən asılı olmayaraq, onun unikal mühərrik sisteminin aktual olaraq qalacağı gözlənilir.
Dəyanət Ağalarlı
Ordu.az