Rutte Ankara Zirvəsində kritik müdafiə qabiliyyətlərinin müzakirə ediləcəyini söylədi

2026/05/1778607083.jpg
Oxunub: 385     21:34     12 May 2026    
NATO-nun Baş katibi Mark Rutte 7-8 iyulda keçiriləcək Ankara Zirvəsində müdafiə sərmayələrinin konkret qabiliyyətlərə çevrilməsinin müzakirə olunacağını bildirib.

Ordu.az xəbər verir ki, Rutte Monteneqronun paytaxtı Podqoritsada Baş nazir Miloyko Spayiç ilə keçirdiyi birgə mətbuat konfransında bu ölkənin bayrağının NATO qərargahında sancılmasından təxminən 9 il keçdiyini xatırladaraq, Monteneqronun bu müddətdə transatlantik ittifaqın “dəyərli üzvü”nə çevrildiyini deyib.

Monteneqronun bu gün 31 müttəfiqin dəstəyi ilə təhlükəsizliyini qoruduğunu bildirən Rutte Yunanıstan və İtaliyaya məxsus döyüş təyyarələrinin Monteneqro hava məkanının qorunmasına töhfə verdiyini, buna qarşılıq Monteneqronun da NATO-nun Latviyadakı və Bolqarıstandakı irəli quru qüvvələrinə əsgər göndərərək kollektiv müdafiəyə töhfə verdiyini söyləyib.

Rutte Monteneqronun həmçinin NATO-nun Kosovodakı Sülhməramlı Qüvvəsinə (KFOR) töhfə verdiyini, Balkanların qərbində sülh və sabitliyin gücləndirilməsində də mühüm rol oynadığını qeyd edib.

Bölgənin həm böyük imkanlar təqdim etdiyini, həm də NATO baxımından strateji əhəmiyyət daşıdığını vurğulayan Rutte təhlükəsizliyin heç vaxt təmin olunmuş sayılmadığını və bunun hər gün birgə səylə qorunmalı olduğunu deyib.

NATO-nun regionda konstruktiv əməkdaşlığı dəstəklədiyini bildirən Rutte Balkanların qərbini geri aparmağa çalışan aktorların olduğunu, bu qüvvələrin irəliləyişi dayandırmaq və bölgəni qeyri-sabitləşdirmək istədiyini bildirib.

Rutte NATO-nun keçmişdə yaşanan problemlərin yenidən gündəmə gəlməsinə imkan verməyəcəyini və ittifaq ərazisində aparılan hər cür pis niyyətli fəaliyyətə cavab verəcəyini söyləyib.

Dünyanın getdikcə daha təhlükəli hala gəldiyini vurğulayan Rutte Rusiyanın Ukraynaya hücumlarını davam etdirdiyini, Çinin daha iddialı mövqe sərgilədiyini və NATO-nun cənub qonşuluq bölgəsində qeyri-sabitliyin davam etdiyini qeyd edib.

Müttəfiqlərin müdafiəyə daha çox sərmayə qoymasının, müdafiə istehsalını artırmasının və Ukraynaya dəstəyi gücləndirməsinin vacib olduğunu bildirən Rutte Monteneqronun müdafiəyə ümumi daxili məhsulunun 2 faizindən çox ayırmasını məmnuniyyətlə qarşıladığını və bu dinamikanın davam etməsini gözlədiyini deyib.

Monteneqroya Ukraynaya verdiyi hərbi avadanlıq dəstəyi, həmçinin NATO-nun geniş yardım paketi və etimad fondlarına etdiyi töhfələrə görə təşəkkür edən Rutte iyul ayında Ankarada keçiriləcək NATO Zirvəsinə dair belə deyib: “Ankaradakı NATO Zirvəsinə artıq cəmi bir neçə həftə qalıb. Orada Atlantik okeanının hər iki tərəfindəki 1 milyard insan üçün bu gün təhlükəsizliyi təmin etdiyimizi və verdiyimiz sözləri yerinə yetirdiyimizi göstərəcəyik”.

Rutte Monteneqro da daxil olmaqla bəzi NATO üzvlərinin Yaxın Şərqdə mümkün müdaxilələr üçün bazalarından istifadə edilməsinə icazə verməyi nəzərdən keçirdiklərinə dair sözlərinin xatırladılması və bunun konkret olaraq nə mənaya gəldiyinin soruşulması üzərinə bu ifadəni daha çox məcazi mənada işlətdiyini bildirib.

Detallara girmək istəmədiyini söyləyən Rutte bunun Monteneqro və ya digər ölkələr baxımından dəqiq nə mənaya gəldiyi barədə açıq məlumat verməkdən yayınaraq Monteneqronun NATO daxilində ən qətiyyətli müttəfiqlərdən biri olduğunu ifadə edib.

Rutte Monteneqronun təkcə NATO daxilində deyil, ikitərəfli münasibətlər baxımından da ABŞ tərəfindən güclü və etibarlı tərəfdaş kimi görüldüyünü müdafiə edib.

NATO-nun gələcəyi barədə suala cavab verən Rutte ittifaqın gələcəyi ilə bağlı “son dərəcə nikbin” olduğunu bildirib və bunda ABŞ Prezidenti Donald Trampın mühüm rol oynadığını deyib.

Keçən ilin əvvəlində Kanada, İspaniya, Belçika və İtaliya kimi böyük iqtisadiyyatların hələ də ümumi daxili məhsullarının 2 faizini müdafiəyə ayırmaq hədəfinə çatmadığını xatırladan Rutte bu gün isə ittifaqın hamısının bu hədəfə çatdığını söyləyib. Rutte Trampın yenidən seçilməsinin bu prosesdə mühüm təsiri olduğunu qeyd edib.

Müdafiə xərclərinin artırılmasının təkcə ABŞ ilə yük paylaşımında balans yaratmaq üçün deyil, ilk növbədə Rusiya olmaqla potensial təhdidlərə qarşı çəkindirməni gücləndirmək baxımından da kritik olduğunu vurğulayan Rutte gələcəkdə müxtəlif aktorlardan gələ biləcək təhlükələrə qarşı da hazır olmaq lazım gəldiyini bildirib.

Ankara Zirvəsinin gündəminə də toxunan Rutte toplantıda Ukraynaya dəstəyin davam etdirilməsinin və qəbul edilən müdafiə xərcləri qərarlarının konkret hərbi qabiliyyətlərə çevrilməsinin əsas gündəm mövzuları arasında yer alacağını deyib.

Rutte müdafiə sənayesi infrastrukturunun inkişaf etdirilməsinin də zirvənin prioritet mövzularından biri olacağını bildirib, həm ABŞ-də, həm də Avropada istehsal gücünün mövcud ehtiyacları qarşılamaqda kifayət etmədiyini və bunun Atlantik okeanının hər iki tərəfində birgə həll edilməli ümumi problem olduğunu qeyd edib.

Rutte zirvədə həmçinin NATO-nun ehtiyac duyduğu kritik hərbi qabiliyyətlərin inkişafı və müdafiə sənayesi istehsalının sürətləndirilməsi məsələlərinin ətraflı müzakirə olunacağını sözlərinə əlavə edib.

“NATO-nun daha məhsuldar üzvü olacağımıza inanıram”

Monteneqronun baş naziri Miloyko Spayiç isə ordunun imkanlarının son illərdə xeyli gücləndiyini deyib.

Spayiç ölkəsindəki bütün etnik və dini qrupların ordunu dəstəklədiyini bildirərək deyib: “Ən çətin düşmən daxildəki düşməndir. Biz birlik içində olduğumuzda, birlikdə hərəkət etdiyimizdə, bütün xalq və bütün dövlət arxamızda olduqda məhz o zaman ən güclü halımızda oluruq və məhz o zaman başqalarına da ən böyük töhfəni verə bilərik”.

Orduya ciddi sərmayələr qoyduqlarını bildirən Spayiç investisiya prosesinin davam etdiyini deyib.

İyunda ABŞ ilə dövlətlərarası mühüm saziş imzalayacaqlarını bildirən Spayiç bunları qeyd edib:

“Həm mülki, həm də hərbi istifadə məqsədi daşıyan, yəni ikili təyinatlı kritik infrastruktur layihələri üzərində işləyə biləcəyik. Kanadalılarla, almanlarla və bəzi digər ölkələrlə birlikdə yatırımlarımız da olacaq və bu əməkdaşlıqlar davam edəcək. NATO-nun daha məhsuldar və daha yaxşı üzvü olacağımıza inanıram. Biz Qərbi Balkanlarda gərginliyin azaldılmasına, xalqların bir-biri ilə bağlanmasına və bir-birini daha yaxşı anlamasına mühüm töhfələr verə bilərik”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rutte   NATO   Ankara   Zirvə  


Bizi "telegram"da izləyin