Britaniya hökumət üzvləri Starmerin istefasını tələb etməyiblər

2026/05/1778594182.jpg
Oxunub: 371     17:56     12 May 2026    
Böyük Britaniya hökumətinin üzvləri Nazirlər Kabinetinin iclası zamanı Baş nazir Kir Starmerin istefasını tələb etməyiblər.

Ordu.az xəbər verir ki, bu barədə “Sky News” telekanalının efirində əmək və pensiya məsələləri naziri Pet Makfeden bildirib.

Jurnalistin Nazirlər Kabinetinin iclasında hər hansı bir şəxsin Starmerə etiraz edib-etməməsi ilə bağlı sualına Makfeden mənfi cavab verib.

“Xeyr. Ona dəstək ifadə edən çoxlu çıxışlar oldu. O, işini davam etdirir. Cəmiyyətin gözlədiyi də budur”, - deyə nazir bildirib.

Çərşənbə axşamı səhər Böyük Britaniyanın mənzil tikintisi, icmalar və yerli özünüidarəetmə üzrə nazir müavini Miatta Fanbulen istefa verib. Bu, Starmerin yürütdüyü siyasətlə bağlı fikir ayrılıqları ilə əlaqədardır.

O, Starmerin vəzifədə qalmasına görə postunu tərk edən hökumətin ilk üzvü olub. Mayın 11-də nazirlərin bir neçə köməkçisi də Starmerin hökumət başçısı vəzifəsində qalması ilə bağlı narazılıqlarını ifadə edərək istefa veriblər.

Hesab olunur ki, onun taleyi Nazirlər Kabinetinin iclası zamanı müəyyənləşəcək.

Böyük Britaniyada siyasi böhran mayın 7-də keçirilən yerli özünüidarəetmə seçkilərindən sonra başlayıb. Seçkilərin nəticələrinə əsasən, hakim Leyborist Partiyası tarixdə ilk dəfə Uels parlamenti üzərində nəzarəti itirib.

İngiltərənin müxtəlif qanunverici orqanlarında leyboristlərin nümayəndələrinin sayı əvvəlki ilə müqayisədə 1400 nəfər az olub.

Starmer seçkilərdəki uğursuzluğa görə məsuliyyəti üzərinə götürsə də, Leyborist Partiyasının lideri və baş nazir postlarını tərk etməkdən imtina edib.

Son bir gün ərzində Leyborist Partiyasından Starmerin istefasını tələb edən İcmalar Palatası deputatlarının sayı iki dəfə artıb. Təxminən 80 qanunverici hökumət başçısını vəzifəsini tərk etməyə açıq çağırıb.

Baş nazirdən narazı olan leyborist deputatlar hesab edirlər ki, Starmerin Dauninq-stritdə qalması növbəti ümumi seçkilərdə partiyanın mövqelərini zəiflədəcək.

Həmin seçkilər ən geci 2029-cu ilin avqustunda keçirilməlidir. Ümumilikdə, 650 yerlik İcmalar Palatasında leyboristlərin fraksiyası 403 nəfərdən ibarətdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Starmer  


Bizi "telegram"da izləyin