FNSS və CSG yeni nəsil zirehli döyüş maşını məkdaşlığına başlayır

2026/05/1778593035.jpg
Oxunub: 395     17:26     12 May 2026    
Türkiyə müdafiə sənayesinin aparıcı zirehli maşın istehsalçılarından olan FNSS ilə Slovakiyada yerləşən CSG qrupu Avropa mərkəzli yeni zirehli maşın əməkdaşlığına imza atıb.

Ordu.az xəbər verir ki, Bratislavada keçirilən IDEB 2026 sərgisində elan edilən strateji tərəfdaşlıq çərçivəsində tərəflər müasir tırtıllı zirehli platformaların birgə işlənməsi, istehsalı və ixracı üçün güclərini birləşdirib.

Əməkdaşlığın ilk məhsulu ictimaiyyətin qarşısına ilk dəfə çıxarılan CFL-120 Karpat döyüş maşını olub. Yeni platforma FNSS-nin “Kaplan” MT bazası, “Leonardo” istehsalı “Hitfact Mk2” qüllə sistemi və CSG-nin Avropadakı sənaye infrastrukturunu vahid platformada bir araya gətirir.

FNSS və CSG arasındakı razılaşma yalnız bir maşın proqramı ilə məhdudlaşmır. Tərəflər istehsal, texnologiya ötürülməsi, yerli təchizat zəncirinin inteqrasiyası və yeni platforma hazırlanması proseslərini əhatə edən uzunmüddətli müdafiə sənayesi tərəfdaşlığı qurmağı hədəfləyir.

İlk mərhələdə CFL-120 “Karpat” platformasına fokuslanılsa da, sonrakı mərhələdə fərqli tırtıllı zirehli maşın layihələrinin də əməkdaşlıq çərçivəsinə daxil edilə biləcəyi bildirilir.

CSG-nin Slovakiyadakı mövcud istehsal gücünün layihədə fəal rol oynayacağı, bununla da Avropa mərkəzli istehsal və logistika infrastrukturunun gücləndiriləcəyi qeyd olunur. Layihə çərçivəsində həmçinin texnologiya ötürülməsi və yerli sənaye iştirakının da artırılması hədəflənir.

FNSS-nin baş icraçı direktoru və İdarə Heyətinin üzvü Selim Baybaş tərəfdaşlığın müasir döyüş meydanının tələblərinə yönəlmiş ortaq anlayışı əks etdirdiyini vurğulayıb.

CSG-nin baş icraçı direktoru Yan Marinov isə FNSS ilə əməkdaşlığın şirkət üçün strateji əhəmiyyət daşıdığını bildirərək müasir və rəqabətqabiliyyətli döyüş maşınları hazırlamağı hədəflədiklərini qeyd edib.

120 mm topa malik yeni nəsil orta tank

CFL-120 “Karpat “Leonardo” istehsalı “Hitfact Mk2” qüllə sistemi və 120 mm-lik əsas top ilə təchiz olunub. Platforma istifadəçi tələblərinə əsasən 105 mm top konfiqurasiyası ilə də təqdim edilə biləcək.

Maşın əsas döyüş tanklarına yaxın atəş gücü təqdim etməklə yanaşı, daha aşağı çəki, daha yüksək hərəkət qabiliyyəti və daha aşağı logistika xərcini təmin etməyi hədəfləyir. Xüsusilə sürətli yerləşdirmə, yüksək mobillik və əməliyyat davamlılığı tələbinin ön plana çıxdığı müasir döyüş meydanları üçün hazırlanan platforma orta tank konsepsiyasının yeni nəsil təmsilçiləri arasında göstərilir.

120 mm-lik top NATO standartı döyüş sursatları ilə uyğun işləyir. Qüllə dizaynında sursatın heyət bölməsinin kənarında yerləşdirilməsi isə döyüşdə davamlılığı artıran mühüm amillərdən biri kimi önə çıxır.

Qüllə həm əl ilə, həm də avtomatik doldurma sistemi ilə istifadə oluna bilir. Köməkçi silahlar arasında 7,62 mm-lik qoşalaşdırılmış pulemyotla yanaşı, istəyə bağlı olaraq uzaqdan idarə olunan silah stansiyasında 12,7 mm pulemyot və ya 40 mm qumbaraatan yer alır.

Müasir döyüş meydanı üçün hazırlanıb

CFL-120 “Karpat”ın döyüş çəkisi təxminən 34 ton səviyyəsindədir. Platformanın maksimal sürətinin 70 km/saat, əməliyyat mənzilinin isə təxminən 450 kilometr olduğu açıqlanıb.

Arxa hissəyə yerləşdirilən dizel güc qurğusu və tam avtomatik transmissiya sistemi xüsusilə yumşaq zəmin və çətin relyef şəraitində hərəkət qabiliyyətini artırır.

Maşında həmçinin STANAG 4569-a uyğun modul zireh, KBRN müdafiə sistemi, avtomatik yanğınsöndürmə sistemi, termal müşahidə sistemləri, lazer məsafəölçən, sabitləşdirilmiş komandir və tuşlayıcı nişangahları və aktiv qoruma sistemi inteqrasiyası kimi müasir döyüş meydanının ehtiyaclarına yönəlmiş bir çox qabaqcıl həll mövcuddur.

Platformaya müxtəlif döyüş idarəetmə sistemləri, lazer xəbərdarlıq sistemləri və müxtəlif rabitə infrastrukturları da inteqrasiya edilə bilir. Bununla da maşın müasir şəbəkə dəstəkli əməliyyat mühitinə uyğun quruluşa malik olur.

Pilotsuz uçuş aparatları, tank əleyhinə raketlər və yönləndirilən sursat təhdidlərinə qarşı aktiv qoruma sistemi inteqrasiyası da platformanın önə çıxan imkanları arasında yer alır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin